Xəbər lenti

"Lavrovun bu çağırışı Azərbaycanın daxili işlərinə müdaxilədir” - Millət vəkili
Siyasət10:44 18.08.2021

"Lavrovun bu çağırışı Azərbaycanın daxili işlərinə müdaxilədir” - Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sergey Lavrovun Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyini Qarabağda iş imkanlarını nəzərdən keçirməyə çağırması Azərbaycanın daxili işlərinə müdaxilədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Rusiya XİN rəhbərinin Beynəlxalq Avtomobil Daşıyıcıları Birliyini Qarabağda iş görməyə dəvət etməsinə münasibət bildirərkən deyib. Deputat Azərbaycanı bu həyasızlığa etiraz etməyə çağırdı:
"Bu addım beynəlxalq hüquqa ziddir. Belə bir dəvəti ancaq Azərbaycan tərəfi edə bilər. Azərbaycan artıq dost ölkələrin şirkətlərini Qarabağda quruculuq işlərinə dəvət edib. Buna etiraz etməliyik. Həm rəsmi, həm də qeyri-rəsmi formada Lavrovun bu cür yanaşmasına etiraz bildirilməlidir. Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan Prezidenti Kəlbəcərə səfəri fonunda bir daha ermənilərə və onların havadarlarına xatırlatdı ki, Şərqi Zəngəzur və Qarabağın ermənilərin məskunlaşdığı, rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilər də Azərbaycan torpağıdır”. 
Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycanın digər hissəsində olduğu kimi, Qarabağda da hər bir hərəkət, görüləcək işlər yalnız Bakının razılığı və istəyilə baş tuta bilər: 
"Heç bir xarici ölkə və yaxud onun rəsmiləri Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində hər hansı bir işin görülməsilə bağlı təkliflər səsləndirmək, çağırışlar etmək ixtiyarında deyil. Bunu kim edirsə, deməli qeyri-qanuni hərəkətə yol verir". 
Deputat Rusiya rəsmisinin bu addımının ikili standartlardan qaynaqlandığını bildirdi: 
"Bu gün bəzi dairələr elə bilir ki, onların təsiri, diqtəsi Ermənistanda olduğu kimi, Azərbaycan ərazisində də keçərlidir. Amma onlar yanılırlar. Qarabağdakı sülhməramlıların fəaliyyəti də müvəqqəti xarakter daşıyır. Müəyyən olunmuş müddət bitəndən sonra isə oranı tərk etməlidirlər”.
Rüfət Sultan