Siyasət 17:00 21.07.2022

Lavrovun yeni işğal və ilhaq hədəsi: Ukrayna geri çəkiləcəkmi?

Ukraynada elə də ciddi nəticə əldə edə bilməyən Rusiya indi də bu ölkənin daha geniş ərazilərini işğal edəcəyini bəyan edir. Belə ki, Rusiya kanallarına müsahibəsində xarici işlər naziri Sergey Lavrov Qərb silahlarının Ukraynaya tədarükü səbəbindən müharibənin "coğrafi vəzifələrinin” dəyişdiyini bildirib və Ukraynaya uzaqmənzilli silahlar veriləcəyi təqdirdə yeni əraziləri ələ keçirəcəkləri ilə hədələyib.

"Xüsusi hərbi əməliyyata” və coğrafi koordinatlara gəlincə, prezident çox aydın deyib: denasifikasiya, demilitarizasiya - o mənada ki, təhlükəsizliyimizə heç bir təhlükə olmasın, Ukrayna ərazisindən hərbi təhdidlər olmasın, bu vəzifə olaraq qalır...

İstanbulda danışıqlar aparılanda bir coğrafiya var idi və bizim Ukraynanın təklifini qəbul etməyə hazırlığımız həmin coğrafiyaya, 2022-ci ilin mart ayının sonundakı coğrafiyaya əsaslanırdı.

İndi coğrafiya başqadır. Bu, təkcə "DXR” və "LXR” deyil, həm də Xerson vilayəti, Zaporojye vilayəti və bir sıra digər ərazilərdir və bu proses ardıcıl və israrla davam edir”.

Lavrov iddia edir ki, Qərb Ukraynanı HIMARS kimi getdikcə daha çox uzaqmənzilli silahlarla təmin etdikcə "xüsusi əməliyyatın coğrafi məqsədləri” indiki xəttdən daha da irəliləyəcək.

"Çünki biz Ukraynanın Zelenskinin və ya onun əvəzləyəcək şəxsin nəzarət edəcəyi hissəsinə imkan verə bilmərik ki, bizim ərazimizə və müstəqilliyini elan etmiş respublikaların ərazisinə birbaşa təhlükə yaradacaq silahları olsun”, – Lavrov bildirib.

Lavrov bu açıqlama ilə bir tərəfdən, Qərbin Ukraynaya verdiyi və verəcəyi silahlardan sözün həqiqi mənasında qorxduğunu, rus silahının həmin silahlar üzərində gücsüzlüyünü nümayiş etdirir. Rusiya XİN rəhbərinin daha geniş əraziləri işğal etməklə hədələməsi də məhz həmin qorxunun nəticəsidir.

Digər tərəfdən, ola bilsin Lavrov belə fikirlərlə Ukrayna xalqının döyüş əzmini sındırmaq niyyətinə düşüb.

Artıq Moskvanın Ukraynaya təcavüzünün 5 ayı tamam olmaq üzrədir. 3 günə Kiyevi alacaqları ilə öyünən Rusiya ötən 150 gün ərzində Ukrayna ərazisinin 20 faizini nəzarətə götürə bilib. Ruslar müharibə başlanandan bu günə qədər Ukraynanın 2500-ə yaxın məntəqəsini ələ keçirsələr də, artıq mindən çox yaşayış məntəqəsi azad edilib. Bu da Ukrayna ordusunun rəqibə güclü müqavimət göstərməsinin nəticəsidir. Lavrovun dediyi Xerson və Zaporejye vilayətlərinə gəldikdə, artıq Ukrayna qüvvələri Xersonun müəyyən hisəssini də azad edib. Yəni əslində, bu istiqamətdə də Ukrayna ordusu hücum mövqeyindədir.

Rusiya XİN şefinin dedikləri əsasən də Qərbə ünvanlanıb. Bununla demək istəyib ki, Qərb tərəfindən Ukraynanın silahlandırılması davam etdikcə, Rusiya da geri çəkilməyəcək, hətta daha da irəli gedəcək. Belə açıqlama ilə o, dolayısıyla silah verməyi dayandırmağı tələb edib. Kremldə hələ də düşünürlər ki, bu kimi hədələrlə Qərbi geri addım atmağa vadar edə bilərlər. Ancaq mövcud vəziyyət onu göstərir ki, Qərb Kremlin hədəsi qarşısında qətiyyən geri çəkilməyəcək. Əksinə, bu hədə Ukraynaya böyük həcmdə güclü silahların axınını daha da sürətləndirə bilər. Bu isə Rusiyanın onsuz da ağır olan durumunu daha da ağırlaşdıracaq.

Rüfət Sultan