Siyasət 15:48 21.09.2022

Levon Ter-Petrosyan Araikə nə təklif edib? - Politoloq

Sentyabrın 20-də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz malikanəsində Qarabağdakı qondarma rejimin "prezidenti” Araik Arutyunyanla görüşüb. Bu barədə informasiyanı Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yayıb. Məlumata görə, Ermənistanda və Qarabağda mövcud vəziyyət, eləcə də yaxın gələcəkdə atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Ter-Petrosyan hakimiyyətinin son dövrlərində Ermənistan tərəfindən işğal edilən torpaqların qaytarlmasına ümumən razılıq vermişdi. Hələ o dövrdə Ter-Petrosyan başa düşmüşdü ki, işğal olunmuş torpaqları Azərbaycana qaytarmaqdan başqa digər çıxış yolu yoxdur. Əks təqdirdə, işğal Ermənistana baha başa gələcək. Lakin həmin dövrdə erməni radikalları millətçi şüarlarla silahlanaraq, Ter-Petrosyanın istefaya göndərilməsinə nail oldular. Bu mənada ola bilsin, Ter-Petrosyan Araiklə görüşdə real vəziyyəti göstərərək, Azərbaycanın şərtlərinin qəbul edilməsindən başqa çıxış yolu olmadığını başa salmağa çalışıb. 

Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Ter-Petrosyanın Araik Arutunyanla görüşü qondarma qurumun yenidən dirçəldilməsi, gündəmdə saxlanılmasına hesablanılıb: 
 


"Bütün bunlar, o cümlədən Levon Ter-Petrosyanın Araik Arutyunyanla görüşü növbəti dəfə qondarma qurumun yenidən dirçəldilməsi, erməni lobbisi və doasporu tərəfindən onların gündəmdə saxlanılmasına hesablanmış cəhdlərdir. Qondarma rejimin bir sıra rəsmilərinin Avropa və ABŞ-a səfərlərinin təşkili artıq mövcud olmayan həmin saxta qurumun dirçəldilməsinə yönəlik uğursuz cəhdlərdir. Bu mənada Ter-Petrosyanla Arutunyanın görüşü də növbəti imitasiya xarakterli görüntüdür”. 

Həmsöhbətimiz qeyd edir ki, bu görüş Arutunyandan daha çox Ter-Petrosyana gündəmə gəlmək üçün lazım olub. Politoloq düşünür ki, görüşdə Levon Ter-Petrosyan ağıllı siyasətçi kimi Araikə Azərbaycan tərəfinin şərtlərini qəbul etməyi də tövsiyə edə bilər. 

Rüfət Sultan