Livanın Paytaxtı Beyrutda fırtına səbəbindən uzun müddətdir qlobal bir problemə çevrilən məsələ yenidən gündəmə gəlib.
Qaynarinfo "Nyu-York Times"a istinadən xəbər verir ki, bazar günü şiddətlənən fırtına səbəbindən paytaxtın 16 kilometrliyində yerləşən Zuk Musbih qəsəbəsində dənizin sahili zibilliyə çevrilib. Zibillər yaxınlıqdakı depoların birindən sahil boyunca yayılıb.
Baş nazir Saad Hariri Zuk Musbihdə sahilin tullantılardan təmizlənməsi üçün göstəriş verib. Həftənin 2-ci günü məmurlar plyaj sahəsinin təmizlənməsi üçün səfərbər olublar.
Zibillərin ətrafa yayılması tullantı sahəsinin dənizə doğru olan hissəsində istinad divarının olmaması səbəbindən baş verdiyi bildirilib.
Tullantıların dəniz sahili boyunca yayılmasından sonra siyasətçilər arasında mübahisə düşüb. Parlamentin üzvü və Livanın "Kataeb" siyasi partiyasının lideri Sami Qemayel əhaliyə xidmət naziri Tareq əl-Xatibin istefasını tələb edib.
Xatırladaq ki, Livanda yaşayan bəzi insanların hökumətin vətəndaşlara göstərdiyi xidmət səviyyəsinin aşağı olması kimi dəyərləndirdikləri tullantı böhranı daha öncə də ictimai narazılığa səbəb olmuşdu. Belə ki, 2015-ci ildə zibillərin toplanması və daşınması prosesinə qarşı başlayan etiraz dalğaları sonradan ölkənin hər yerinə yayılmışdı.
Çingiz