Ötən gecə bir qrup etirazçı gənc bu ölkənin şərqində yerləşən Tobruq şəhərində Nümayəndələr Palatasına hücum edərək onu yandırıblar.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
Sosial şəbəkələrdə "Gənclər İnqilabı” şüarı ilə çıxış edən qrup iyulun 1-də Liviyanın bütün şəhərlərində insanları nümayişlərə və vətəndaş itaətsizliyinə çağırıb.
Onlar bu ölkədə qanunvericilik və icraedici qurumların ləğv, fövqəladə vəziyyətin elan edilməsini və təcili seçkilərin keçirilməsini tələb ediblər.
Bu gün isə yüzlərlə gənc Liviyanın paytaxtı Tripolidə Şəhidlər Meydanında etiraz aksiyası keçirib.
Qeyd edək ki, hazırda Liviyada siyasi vəziyyət gərgindir.
Liviyanın Ali Dövlət Şurası və Nümayəndələr Palatasının üzvlərindən ibarət birgə komitənin Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə iyunun 11-dən 19-dək Misirin paytaxtı Qahirədə keçirilən danışıqları heç bir nəticə verməyib.
Həmçinin, Cenevrədə Ali Dövlət Şurasının rəhbəri Xalid əl-Məşri, Liviya Dövlət Ali Şurasının rəhbəri Aqil Saleh və onları müşayiət edən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda da heç bir nəticə əldə olunmayıb.
Qeyd edilir ki, Liviyada prezident seçkiləri 2021-ci il dekabrın 24-də keçirilməli olsa da, Tobruq Parlamentinin nümayəndələri ilə Liviya Hökumətinin Ali Şurası arasında seçki qanunu ilə bağlı fikir ayrılığı yarandığı üçün bu baş tutmayıb.
Təxminən 3 aya yaxındır ki, bu ölkədə Dəbibə və Başağanın rəhbərlik etdiyi iki ayrı hökumət var. Bu vəziyyət isə Liviyada zorakılığın artması ilə bağlı narahatlıqları artırıb.
M.Arif