Xəbər lenti

Lukaşenkonun Azərbaycana gəlişinin məqsədi nədir? - Açıqlama
Siyasət12:36 28.11.2016

Lukaşenkonun Azərbaycana gəlişinin məqsədi nədir? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanda rəsmi səfərdədir. 

İki ölkə liderinin görüşü zamanı Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə ediləcək.

Politoloq Elxan Şahinoğlu Qaynarinfo.Az-a Belarus prezidenti Lukaşenkonun gəlişini şərh edərkən bildirdi ki, Belarus məhsulları Rusiyaya buraxılmadığı üçün Azərbaycan bazarına girmək istəyir:

"Belarus prezidenti Aleksandr Lukaşenkoya yeni bazarlar lazımdır. Fikrimcə, Belarus prezidentinin Azərbaycana gəlişi bununla bağlıdır. Digər tərəfdən Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktual mövzulardan biridir. Lukaşenko hazırda Rusiyadan narazıdır. Baxmayaraq ki, iki dövlət müttəfiq sayılırlar və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarları var, ancaq Minsk narazıdır. Lukaşenko haqlı olaraq deyir ki, bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar. Lukaşenko ona eyham vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb".

Qeyd edək ki, Belarus baş naziri Vladimir Semaşko Azərbaycana səfəri çərçivəsində Bakıda Nərimanov prospektində Belarus malları mağazasında (Dövlət Statistika Komitəsi yaxınlığında) olub. 

Onun sözlərinə görə, Belarus mallarının Azərbaycana birbaşa tədarükü saxta və keyfiyyətsiz malların qarşısını alır. "Gəncə, Naxçıvan, perspektivdə başqa yaşayış məntəqələrində şəbəkənin genişləndirilməsi məsələsinə baxılır", – deyə baş nazir qeyd edib.

Xatırladaq ki, aprelin 18-də açılan mağazada ət, süd və başqa məhsullar nümayiş etdirilir.

Pərvin Zeynal

Qaynarinfo.Az