Dünya 18:14 24.06.2022

Lukaşenkonun Rusiya səfəri: Minsk Ukraynaya qoşun yeridəcək? - Ekspert

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya ikigünlük səfərə gedib. Bu "Pul Pervogo” teleqram kanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, sabah Moskva vilayətindəki "Zavidovo" istirahət kompleksində Belarusun dövlət başçısı ilə Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-formal görüş keçiriləcək. İyunun 25-də isə Sankt-Peterburq şəhərində tərəflər arasında işgüzar görüş baş tutacaq.
 
Belarus prezidentinin bu səfəri fonunda belə iddialar səslənir ki, məqsəd Minski də Ukrayna ilə savaşa cəlb etməkdir. Qeyd edək ki, müharibənin əvvəlində Rusiya məhz Belarus ərazisindən istifadə etməklə Kiyevi almağa cəhd edirdi. Bu zaman Belarus prosesdə birbaşa olmasa da, dolayısı ilə Moskvaya dəstək verirdi. Ən azından Belarusun tranzit yolları rus ordusunun xidmətində idi. Həmin dövrdə Minskin də müharibəyə qoşula biləcəyi barədə müxtəlif fikirlər gündəmə gətirilirdi. Lakin müharibənin başlanmasından 4 ay vaxt keçsə də, bu baş verməyib. Bununla belə, Lukaşenkonun Rusiyaya başlanan bu səfəri fonunda iddia səslənir ki, Kreml Minsk savaşa vadar etmək istəyir. Hətta mətbuatda 45 minlik Belarus qoşununun döyüşə hazır vəziyyətə gətirildiyi barədə məlumatlar yer alıb.
 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyevin fikrincə, Minskin Ukrayna müharibəsinə cəlb olunması arzuolunan deyil, həm də real görünmür:
 
"Belarusun bu müharibəyə qoşulması müharibə arealının daha böyük çərçivəyə yayılmasına gətirib çıxara bilər. Nəticədə müharibə tamam başqa mahiyyət kəsb edə bilər. Minsk buna getsə, proses dünya müharibəsini tətikləyə bilər.Ona görə də nə Moskva, nə də Minskin belə addım atacağına inanmıram”. 
Ekspert bildirir ki, Minskinin prosesə qoşulması ilk növbədə məhz Belarusun özü üçün böyük fəlakətlər gətirə bilər:"Çünki Ukrayna NATO-nun timsalında daha ciddi silahlarla təmin edilir. Bu isə savaşa qoşullacağı təqdirdə Belarus üçün daha böyük dağıntılar demək olardı”. Digər tərəfdən, həmsöhbətimizə görə, Belarusun müdaxiləsi baş versə belə, vəziyyət Rusiyanın xeyrinə dəyişməyəcək. 
 
Rüfət Sultan