İyulun 9-da Türkiyə mediası PKK terror təşkilatının liderlərindən olan “Bahoz Erdal” kod adlı Fehman Hüseynin Suriyada öldürülməsi haqqında məlumat yayıb.
Türkiyənin Anadolu Agentliyinin məlumatına görə, Suriyada hökumət qüvvələri ilə savaşan Tel Xamis qruplaşmasının sözçüsü Xalid əl-Hasekavi Erdalın və mühafizəçilərinin də içində olduğu avtomobilin partladıldığını bildirib.
B.Erdalın iyulun 8-də Suriyanın Himo bölgəsində kürdlərin mərkəzi olan Kamışlıya gedərkən axşam saat 20.30 radələrində vurulduğu və mühafizəçiləri ilə birlikdə 8 nəfərin öldüyü qeyd olunur.
Bahoz Erdal ləqəbli Fehman Hüseyn Türkiyədə “ən çox axtarılan” terrorçular siyahısında idi, “qırmızı bülletenlə” axtarışa verilmişdi. 2000-ci illərin əvvəllərində Bahoz Erdal Murat Karayılan, Cemil Bayıkla birlikdə PKK-nın 3 əsas liderlərindən biri idi.
Tərcümeyi-halı
Fehman Hüseyn 1969-cu ildə Suriyada anadan olub. Dəməşq Universitetində tibb təhsili alıb. 1990-cı illərdə PKK-ya qoşulub. Terror təşkilatında sürətlə məşhurlaşıb, “Bahoz Erdal”, “Doktor Bahoz” adı ilə tanınıb.
2004-2009-cu illərdə PKK-nın “hərbi qanadı” adı verilən “Xalq Müdafiə Qüvvələri” adlı qruplaşmaya rəhbərlik edən F.Hüseyn çox tezliklə PKK içərisində Murat Karayılanla münaqişəyə girib. Yüksekova Dağlıca, Yeşiltaş, Şemdinli Aktütün postlarına hücumlara rəhbərlik edib.
Ən səs-küylü cinayəti isə 2008-ci ildə terror təşkilatı daxilində münaqişənin qızğın vaxtında alman alpinistlərin qaçırılmasını təşkil etməsi sayılır. Son illərdə Türkiyədə adı tez-tez yad edilən, şəhərlərdə dinc insanlara qarşı terror törədən TAK (Kürdüstan Azadlıq Qartalları) terror təşkilatına rəhbərlik edib.
Suriyadakı fəaliyyəti
Ancaq Fehman Hüseynin ən əsas fəaliyyəti 2002-ci ildə PKK-nın Suriya qanadı olan PYD-nin qurulmasında iştirak və bu qruplaşmanın liderləri sırasında yer almasıdır. Suriyada daxili müharibə başladıqdan sonra F.Hüseynin adı daha çox Suriyadan gəlməyə başlayıb.
Suriyada olduğu müddətdə bir neçə dəfə ölüm xəbəri gəlib. Bundan başqa F.Hüseynin xərçəng xəstəsi olduğu haqda mediada xəbərlər yayılıb.
2014-cü ildə İŞİD və kürdlər arasında 5 ay davam edən Kobani müharibəsi zamanı Fəhman Hüseynin Kobaninin mərkəzində ölüm xəbəri yayılsa da, sonradan təsdiqlənməyib.
Son olaraq yayılan bu xəbərin də nə dərəcədə dəqiq olduğu hələlik məlum deyil. Hələlik rəsmi mənbələr bu məlumatı təsdiqləməyib. (musavat.com)
Qaynarinfo.az



