Rusiya prezidenti Vladimir Putin Moskvanın Luqansk bölgəsində qələbə qazandığını elan edib və rus qoşunlarına dincəlməyi və "döyüş imkanlarını artırmağı” tapşırıb.
Bu barədə Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir.
Ukraynanın hərbi komandanlığı bazar günü axşam qoşunlarının Luqanskın Lisiçansk şəhərindən geri çəkilməyə məcbur qaldığını təsdiqləyib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Putinə Luqanskda "əməliyyatın” başa çatdığını bildirib. Rusiya prezidenti deyib ki, Luqanskda "aktiv döyüşlərdə iştirak edən və qələbə qazanan” hərbi birləşmələr "dincəlməli, döyüş imkanlarını artırmalıdır”.
Luqansk qubernatoru Sergey Qayday Rusiyanın Donbasa tam nəzarəti ələ keçirməyə cəhd etdiyinə görə Donetskin Slovyansk və Baxmut şəhərlərinin ağır hücumlara məruz qalacağını gözlədiyini bildirib.
Nurlan Hüseynov