Braziliya macəra turizmi üçün ən yaxşı ölkəyə çevrilib.
Qaynarinfo xəbər verir ki, bunu "US News & World Report" portalında dərc edilmiş səsvermənin nəticələri sübut edir.
Bu portal müxtəlif seqmentlər üzrə reytinqlərin tərtib edilməsində ixtisaslaşıb. Onun keçirdiyi səsvermədə dünyanın 89 ölkəsində yaşayan 17 minə yaxın insan iştirak edib.
Nəticədə Braziliya macəra turizmi üçün ən yaxşı ölkələrin reytinqində birinci yeri tutub. Ona səs verən insanlar öz seçimlərini bu respublikanın aktiv istirahətinin müxtəlifliyi ilə əlaqələndiriblər. Buraya qayayadırmanma, raftinq, uçurtma sörfinqi və ya paraşütlə tullanma ilə məşğul olmaq imkanı daxildir.
Bundan əlavə, respondentlər Braziliyada turizm infrastrukturunun yaxşı texniki vəziyyətini və əsas təbii attraksionların mövcudluğunu qeyd ediblər. Həmçinin, onların fikrincə, Cənubi Amerika ölkəsində ekstremal istirahət növləri ilə məşğul olan zaman turistlərin təhlükəsizliyinin təmin edilməsi kifayət qədər yüksək səviyyədədir.
Siyahıda ikinci və üçüncü yerləri İtaliya və Yunanıstan tutub. Onları İspaniya, Tayland, Yeni Zelandiya, Portuqaliya və digər ölkələr izləyir.
Aydın
Şərhlər