Xəbər lenti

Maduro ABŞ-la birbaşa danışıqların bərpa olunduğunu açıqladı
Dünya 15:12 02.07.2024

Maduro ABŞ-la birbaşa danışıqların bərpa olunduğunu açıqladı

Venesuela prezidenti Nikolas Maduro ABŞ ilə diplomatik əlaqələrin bərpa olunduğunu açıqlayıb. Onun sözlərinə görə, iki ay əvvəl o, ABŞ-la dialoqu bərpa etmək təklifi alıb. Ölkələr iyulun 3-də birbaşa danışıqlara qayıdacaqlar.

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə Maduro "Venezolana de Televisin” telekanalında bildirib.

"Biz yeni sazişlər bağlamaq və əvvəllər bağlanmış razılaşmaların həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq, - deyə Venesuela prezidenti bildirib. - Mən dialoqun, qarşılıqlı anlaşmanın, münasibətlərimizin gələcəyinin tərəfdarıyam, Venesuelanın suverenliyinə və müstəqilliyinə tam hörmətlə yanaşaraq dəyişikliklərin tərəfdarıyam”. 

Maduro bildirib ki, Birləşmiş Ştatlar razılaşmalara əməl etməli olacaq.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro prezident seçkilərində hakim partiyanın dövlət başçısı vəzifəsinə namizədi kimi rəsmən irəli sürülüb. Seçkilər 28 iyul 2024-cü ildə keçiriləcək. Eyni zamanda, seçicilərin 54%-dən çoxunun dəstəyi ilə ölkədə ən populyar siyasətçi müxalifət nümayəndəsi Mariya Korina Maçadodur. Dekabrın 27-də Venesuela Ali Məhkəməsi Mariya Korina Maçadonu siyasi hüquqlarından məhrum edib və bununla da ona prezident seçkilərində iştirakını qadağan edib. Məhkəmə qərarı müxalifət liderinin "korrupsiya sxemində” iştirakı ilə əsaslandırıb.

2023-cü ilin iyulunda Mariya Korina Maçadoya Venesuelada 15 il müddətinə dövlət vəzifəsində işləmək qadağan edilib. Mart ayında analoji qadağa müxalifət lideri Henrike Kaprilesə də tətbiq edilib. Oktyabrın 18-də hökumət və müxalifət dialoqu bərpa etmək və legitim seçki prosesinin həyata keçirilməsi üçün təminatları özündə əks etdirən seçkilərin təşkili haqqında saziş bağlayıb.

Bunun ardınca ABŞ Venesuelaya qarşı sanksiyaları müvəqqəti olaraq yumşaldıb və ölkənin neft, qaz və qızıl hasilatı sektorlarını əhatə edən əməliyyatlara icazə verən ümumi lisenziyalar verib. Müvəqqəti yumşalmalar 2024-cü ilin aprel ayına qədər qüvvədə olub. Ölkənin neft-qaz sektoruna qarşı sanksiyalar seçki saxtakarlığına görə 2019-cu ildə tətbiq edilib. Venesuela prezidenti Nikolas Maduro Amerika hakimiyyətinin "zorakılıq dalğası yaratmaq” və ölkəni işğal etmək niyyətində olduğunu iddia edib. Onun sözlərinə görə, "imperializmə qarşı çıxan bütün hökumətlər” hücuma məruz qalır. Maduro söz verib ki, Venesuela "özünü hörmət edilməyə məcbur edəcək”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->