Dünya 17:18 18.04.2023

Makron plan hazırlatdırır və Çindən kömək istəyir - "Bloomberg"

Fransa prezidenti Emmanuel Makron Ukrayna və Rusiya arasında danışıqların başlanılmasına əsas ola biləcəyi planla Çinə müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.

Mənbələrin bildirdiyinə görə, Makron xarici siyasət üzrə müşaviri Emmanuel Bonna Çinin baş diplomatı Van İ ilə gələcək danışıqlar üçün əsas ola biləcək çərçivə proqramı hazırlamağı tapşırıb.

Mənbələrin dediyinə görə, Fransa planı Rusiya və Ukrayna arasında danışıqların bu yay "hər şey yaxşı getdiyi təqdirdə” baş tutmasını nəzərdə tutur.

Makronun ofisindən bir rəsmi Bonnun Van ilə danışıqlar barədə planı təsdiqləyib, lakin təfərrüatları şərh etməkdən imtina edib və əlavə edib ki, Fransanın müttəfiqləri Fransanın istənilən təşəbbüsü ilə bağlı məlumatlandırılıblar.

Çin Xarici İşlər Nazirliyi məlumatın mənbəyini bilmədiklərini və "onların həqiqiliyini yoxlamağın çətin olduğunu" bildirib.

Baş verənlərlə tanış olan insanların fikrincə, gələcək danışıqlar bir neçə şərtdən, o cümlədən Ukrayna qüvvələrinin əks-hücumundan asılı olacaq.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı münaqişənin həlli üçün sülh planı hazırlaması barədə məlumatlara malik deyil.

Nizami Bağırov