Dünya 23:03 11.09.2022

Makron Putinə Xarkov məğlubiyyətindən sonra dayanmağı təklif etdi

Rusiya ordusunun bir neçə gün ərzində 3 min kilometrdən çox ərazini və onlarla yaşayış məntəqəsini Ukrayna silahlı qüvvələrinin nəzarətinə verdiyi Xarkov vilayətindəki fiaskodan sonra Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng edib.
 
Yelisey sarayının mətbuat xidmətinin məlumatına görə, Makron Putini hərbi əməliyyatları tez bir zamanda dayandırmağı və yayın əvvəlindən dayandırılmış danışıqları bərpa etməyi təklif edib.

Makron Rusiyanın davam edən hərbi əməliyyatlarını "pisləyib” və Ukraynanın "ərazi bütövlüyünün və suverenliyinin bərpasına” çağırıb, mətbuat xidmətinin bəyanatında deyilir.

Makron həmçinin rus qoşunlarının Zaporojye atom elektrik stansiyasının ərazisindən çıxarılmasını və stansiyanın təhlükəsizliyinin təmin edilməsini tələb edib. O, AES-in Rusiya tərəfindən işğalının yaratdığı "riskləri” vurğulayıb.

Kremlin məlumatına görə, Putin Ukraynanı radioaktiv tullantılar anbarları da daxil olmaqla stansiyanı atəşə tutmaqda ittiham edərək Makronu "fəlakətli nəticələrlə" hədələyib

"Putin həmçinin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbas şəhərlərinin mülki infrastrukturunu kütləvi atəşə tutmaqda davam edir, bunun nəticəsində mülki əhali əziyyət çəkir”, - Kreml bildirib.

Eyni zamanda, Putin və Makron MAQATE-nin iştirakı ilə Zaporojye AES-dəki vəziyyətlə bağlı siyasiləşdirilməmiş dialoqa "qarşılıqlı olaraq hazır olduqlarını” bildiriblər.

Nizami Bağırov