Dünya 10:44 15.05.2023

Makron: "Rusiya artıq Çinin vassalına çevrilib"

Rusiya Federasiyası Ukraynadakı müharibəni "artıq geosiyasi baxımdan uduzub" və Çinin vassalına çevrilir. 

Qaynarinfo xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenskinin Parisə ehtimal edilən səfəri ərəfəsində dərc olunan L'Opinion qəzetinə müsahibəsində deyib.

"De-fakto o, Çinə tabelik formasına girdi və onun üçün çox vacib olan Baltikyanı ölkələrə çıxışını itirdi. Bu isə İsveç və Finlandiyanı NATO-ya üzv olmaq qərarına gətirdi. İki il əvvəl bunu təsəvvür etmək mümkün deyildi. Ona görə də bu, artıq geosiyasi məğlubiyyətdir”, - Makron bildirib.

Makron həmçinin vurğulayıb ki, Rusiya "bu müharibəni hərbi yolla qazanmamalıdır” və ruslarla danışıqlar qaçılmazdır.

"Ukraynalılara əks-hücumda necə kömək etmək, qaçılmaz olaraq baş tutacaq danışıqlarda təhlükəsizlik zəmanətləri məsələsini necə hazırlamaq bizdən asılıdır... Mən həmişə demişəm ki, sonda Avropa təhlükəsizlik arxitekturası tam şəkildə Ukraynanı qorumalıdır. Lakin o, həm də Rusiya ilə qarşıdurma yaratmamağı və davamlı güc balansını bərpa etməyi də təmin etməlidir. Lakin oraya çatana qədər hələ çoxlu addımlar atılmalıdır”, - o əlavə edib.

Alpər