Fransada baş tutan prezident seçkilərinin birinci mərhələsində gözlənildiyi kimi iki əsas namizəd önə çıxaraq, ikinci tura keçib. Bunlar ölkənin hazırkı Prezidenti Emmanuel Makron və ultra sağşı Milli Birlik Partiyasının lideri Marin Le Pendir.
Səslərin 95 faizinin hesablanmasından sonra Makronun 27,4, Le Penin isə 25,05 faiz səs topladığı bildirilir. Maraqlıdır, iki həftə sonra reallaşacaq ikinci turda bu iki namizəddən kimin şansları daha yüksəkdir?
Qeyd edək ki, Makronla Le Pen arasında fərq elə də böyük deyil. Bu isə o deməkdir ki, ikinci tur gərgin keçəcək və bu zaman yerdə qalan digər 10 namizədin öz seçicilərini Makronla Le Pen arasından hansına seçim etməyə səsləməsi mühüm rol oynayacaq.
Birinci turun nəticələrinə görə, ifrat solçu namizəd Jan-Lyuk Melenşon 20,1 faizlə üçüncü, ifrat sağçı Erik Zemmur 7,2 faizlə 4-cü, sağ mərkəzçi Respublikaçılar Partiyasının namizədi Valeri Pekresse 5 faiz səs toplamaqla 5-ci yeri tutub. Melenşon 5 il öncəki seçkilərdə də həmin iki namizəd arasında Makrona üstünlük vermişdi. İfrat sağçı Zemmur isə Marin Le Peni dəstəklədiyini bəyan edib. Sağ mərkəzçi Respublikaçılar Partiyası da Makronu dəstəkləyir. Bu o deməkdir ki, ikinci turda Makronun qalib gəlmək şansı Le Penlə müqayisədə daha yüksəkdir. Başqa bir tərəfdən, Rusiyanın Ukraynaya təcavüzü fonunda istər-istəməz Makronun ölkə daxilində Le Penə nisbətən mövqeyi daha da güclənib. Belə ki, Makron bu savaşda Ukraynanın tərəfdarı olsa da, Marin Le Pen adətən rusiyapərəst mövqeyilə seçilir. Bu amil isə onun ikinci turdan qalib çıxmaq şansını minimuma endirir. Digər tərəfdən, Fransada son zamanlar ultra sağların mövqeyi müəyyən qədər artsa da, seçicilərin mütləq əksəriyyəti ənənəvi olaraq sağ qüvvələrə qarşıdır. Sadəcə, ultrasağçı qüvvələr birinci turda seçicilərinin səslərinin parçalanmasından istifadə edərək müəyyən uğurlar əldə edə biliblər. İkinci turda əvvəllər olduğu kimi digər qüvvələrin konsalidasiyası gözlənilir ki, bu fonda da ultrasağların Yelisey sarayında oturmaq şansları sıfıra bərabərdir. Bir sözlə, bütün ehtimallar Makronun prezidentlik kreslosunu saxlayacağını düşünməyə əsas verir.
Azərbaycan üçün Makronun öz kreslosunu saxlaması daha məqbuldur. Düzdür, o Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsində İrəvana dəstək versə də, sonda reallıqlarla barışmalı oldu. Digər tərəfdən, mövcud hakimiyyətlə işləmək daha asandır, nəinki yeni gələnlə. Marin Le Pen isə həm də qatı ermənipərəsdtliyilə seçilir. Başqa bir tərəfdən, Bakı üçün Fransadakı seçkilərdə kimin qalib gəlməsinin o qədər də əhəmiyyəti yoxdur. Növbəti prezidentin kimin olub-olmamasından asılı olmayaraq, Azərbaycan yenə də müstəqil siyasət yürütməkdə və kənar dövlətlərin daxili işlərimizə qarışmasına imkan verməməkdə davam edəcək.
Rüfət Sultan