"Makron Moskvaya vasitəçilik missiyası ilə gəlir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya olan səfərini dəyərləndirərkən deyib:
"Makronun bu səfəri vasitəçilik missiyası məqsədi daşıyır. Qeyd etdiyim kimi, həm də seçkilər ərəfəsi özünə siyasi xal qazanmaq istəyir. Makronun bu səfəri həm də Fransanın Avropa İttifaqına sədrliyi dövründə, eyni zamanda, Almaniyanın sabiq kansleri Angela Merkelin hakimiyyətdən getməsi fonunda özünü "köhnə qitə”nin lideri qismində göstərməsi üçün əlverişli fürsətdir. Bu mənada Makronun Rusiya səfəri təqdirəlayiq səfərdir. Xoş niyyətlərlə həyata keçirilir və ona görə də səfərə müsbət qiymət verməliyik”.
Həmsöhbətimiz qeyd edir ki, son dövrlər yaşanan məlum gərginliklər fonunda vasitəçilik missiyası geniş vüsət alıb:
"Bundan əvvəl Rusiya ilə Ukrayna arasında vasitəçilik təklifilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib. Görünür həlledici qərar qəbul etmək məqamından əvvəl bir neçə tərəf, o cümlədən hələlik Türkiyə və Fransa vasitəçilik missiyasında öndə olmağa çalışırlar. Bu mənada yaxınlarda həmin istiqamətdə bir neçə başqa dövlətin də hərəkətə keçəcəyi istisna deyil. Bir sözlə, indiki gərgin dövrdə tərəfləri sakitliyə sövq etmək üçün vasitəçilik missiyası gündəmə gəlib”.
Makronun Moskva səfərinin nəticə verib-verməyəcəyinə gəldikdə, politoloq bildirir ki, bu, Putinin istəyi və seçimindən asılıdır:
"Pitin vasitəçilik missiyasında üstünlüyü istəsə Ərdoğana, istəsə Makrona verəcək”.
Rüfət Sultan