Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada heç bir "çirkli bomba”nın izinə rast gəlməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə MAQATE bəyanat
yayıb.
Müfəttişlər Moskvanın göstərdiyi hər üç obyektə - Kiyevdəki Nüvə Tədqiqatları İnstitutuna, Joltıy Vodıdakı Şərqi filiz-mədən və emalı zavoduna və Dneprdəki Yujnı maşınqayırma zavoduna baş çəkdikdən sonra "elan edilmiş nüvə silahının heç bir əlaməti tapılmadı” açıqlaması veriblər.
Agentlik vurğulayır ki, ekspertlər yoxlanılan yerlərdə nümunələr götürüblər və onlar laboratoriyalarda analiz edilir. Üstəlik, ultra həssas avadanlıq sayəsində MAQATE "nüvə aktivliyi" əlamətlərini, hətta keçmişdə həyata keçirilsə belə, aşkar edə biləcək.
Xatırladaq ki, oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu radioaktiv materialların əlavə olunduğu adi partlayıcı olan "çirkli bomba” haqqında məlumat verib. O, ABŞ, Türkiyə, Böyük Britaniya və Fransadan olan həmkarlarına zəng edərək, Kiyevin hazırladığı iddia edilən "təxribat” barədə xəbərdarlıq edib.
Eyni zamanda, "RİA Novosti" dövlət agentliyi adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, Kiyev "çirkli bomba”nın istifadəsi üçün "texniki hazırlıqları tamamlayıb”. Bunun üçün Ukraynanın "Yujmaş” şirkətinin mütəxəssisləri "İskəndər” raketinin oxşarını hazırlayıblar. Radioaktiv maddə ilə doldurulmuş raket Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulmalıdır. İddialara görə, bütün bunlar Çernobıl AES-in təcrid zonası üzərində baş verəcək, sonra Kiyev mərminin Rusiya tərəfindən buraxıldığını bəyan edəcək.
Dünyanı Ukraynanın özünə qarşı nüvə hücumu hazırladığına inandırmaq cəhdlərini prezident Vladimir Putin davam etdirib. Valday Forumunda çıxış edərək prezident Ukrayna tərəfinin təxribat üçün hansı obyektlərdən istifadə edəcəyini bildiyini və "bomba" üçün, məsələn, "Toçka-U"ya yüklənmiş nüvə yanacağının qalıqlarından istifadə etməyi planlaşdırdıqlarını söyləyib.
Nizami Bağırov
Şərhlər