Xəbər lenti

Maskın Çin marağı ittifaqı pozdu:
Dünya 20:45 24.05.2025

Maskın Çin marağı ittifaqı pozdu: "Kosmik sənədlərə" baxmaq istədi

ABŞ prezidenti Donald Tramp ilə dünyanın ən varlı insanı olan İlon Mask arasında yaranmış yaxın siyasi əlaqələrin Çinlə bağlı məxfi brifinq məsələsinə görə pozulduğu bildirilir. 

Qaynarinfo xəbər verir ki, ABŞ-da dövlət xərclərini azaltmaq məqsədi daşıyan Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunan Mask, Vaşinqton siyasətinə sürətli və mübahisəli bir giriş etmişdi. Lakin son aylarda onun təsiri ciddi şəkildə azalıb.

Trampın siyasi müttəfiqlərindən biri olan Stiv Bennon Ağ Evdə sərt və iddialı davranışları ilə, kabinet üzvləri də daxil olmaqla, bir çox dövlət işçisinin qısa müddətdə narazılığına səbəb olan Maskın mart ayında keçirilən "Çin brifinqi" hadisəsindən sonra Tramp ilə münasibətlərinin sarsıldığını bildirib.

"New York Times" qəzetində yayımlanan ilkin xəbərdə Maskın ABŞ ilə Çin arasında ehtimal olunan bir münaqişə zamanı atılacaq addımlara dair ABŞ Müdafiə Nazirliyindən çox məxfi bir brifinq alacağı iddia olunmuşdu. Bu xəbər ABŞ siyasi dairələrində ciddi narahatlıq doğurmuş, analitiklər isə Maskın Ağ Evdə həddindən artıq gücə sahib olduğu barədə tənqidlər səsləndirmişdi. Lakin Tramp öz sosial media hesabında bu xəbəri yalanlamışdı.

"The Atlantic" jurnalında dərc olunan və "Maskın yüksəlişi və süqutu" başlıqlı məqalədə fikirlərinə yer verilən Stiv Bennon Trampın Maskın məxfi brifinqə girişinə icazə verməməsinin "hər şeyi dəyişdirdiyini"  deyib. "Hiss olunur. Hər şey dəyişdi. O alov sönmüş kimi oldu", deyə Bennon bildirib.

O, həmçinin İlon Maskın DOGE-dəki vəzifələrindən də tədricən uzaqlaşmağa başladığını bildirib. Maskın son zamanlarda Trampın Yaxın Şərq səfərində və Cənubi Afrika prezidenti Siril Ramafosanın Oval Ofis ziyarətində iştirak etdiyi bildirilsə də, onun Ağ Evdəki nüfuzunun sona çatdığı qeyd olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->