Elon Maskın "Twitter”i satın almaq müqaviləsi ciddi təhlükə altındadır, çünki onun analitikləri "Twitter” spam hesablarının düzgün sayını yoxlamaq və müəyyən etmək üçün effektiv yollar tapmayıblar.
Bu barədə Qaynarinfo "Washington Post”a istinadən xəbər
verir.
Bir mənbə bildirib ki, Maskın komandası 44 milyard dollarlıq müqavilənin maliyyələşdirilməsi ilə bağlı bəzi müzakirələrdən çıxıb. Mask tərəfdarları "Twitter”dən korporativ müştərilərə satılan məlumat dəstinə şübhələrini ifadə etdikdən sonra investorlarla danışıqlar son həftələrdə "soyuyub”.
İnvestor komandası "Twitter”in biznes kimi perspektivlərini qiymətləndirmək üçün kifayət qədər məlumata malik deyil. Elon Mask sövdələşmədən imtina etsə, bu, böyük bir hüquqi mübahisəyə səbəb ola bilər.
Müqavilənin şərtlərinə görə, Mask sövdələşməni dayandırmaq üçün 1 milyard dollar ödəməlidir, lakin hüquq ekspertləri bildiriblər ki, əgər imtinanın səbəbi şirkətin fundamental biznesi ilə əlaqəli deyilsə, "Twitter” Maskı alqı-satqının həyata keçirilməsinə məcbur edə bilər.
Qeyd edək ki, aprelin sonunda İlon Mask "Twitter”i 44 milyard dollara almaq üçün müqavilə bağlayıb. Mayın əvvəlində məlum olub ki, sahibkar müvəqqəti olaraq sosial şəbəkənin baş direktoru vəzifəsini tutacaq.
Nizami Bağırov