Son zamanlar Rusiyada bu ölkənin Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Ukrayna və Qərbə münasibətdə Prezident Vladimir Putindən daha çox şovinistlik etdiyi müşahidə edilir. Bu günlərdə açıqlamalarının birində Medvedyev bildirib ki, Rusiya nüvə silahına malik olduğundan, onu heç kəs cəzalandıra bilməz. Yəni, Kreml beynəlxalq qanunları pozaraq, nə istəsə, necə istəsə edə bilər və buna görə heç kim ona güldən ağır söz deyə bilməz.
Ondan əvvəl isə Medvedev qeyd etmişdi ki, Rusiyaya qarşı sanksiyalar müharibə bəhanəsi və beynəlxalq təcavüz aktı kimi qiymətləndirilə bilər.
Başqa bir açıqlamasında isə bəyan edib ki, Putinin məqsədi Vladivostokdan Lissabona qədər uzanan yeni Rusiya imperiyası qurmaqdır. Onun fikrincə, Putin keçmiş sovet torpaqlarını əhatə edəcək və Avropaya uzanacaq yeni imperiyaya rəhbərlik etmək istəyir: "Ən böyük məqsədlərimizdən biri ukraynalıların yanlış fikirlərlə dolu şüurunu dəyişdirməkdir. Biz hamıya, xüsusən də ukraynalılara sülh gətirəcək gələcək və son nəticədə Vladivostokdan Lissabona qədər uzanan Avrasiya qurmağı hədəfləyirik”.
Medvedyev bir başqa çıxışında Krımın Ukraynaya qaytarılması ideyasının özünün tam hüquqlu müharibəyə başlamaq üçün əsas olacağına işarə vurub.
Çoxları düşünür ki, Medvedyev bu tip açıqlamaları adətən "kefli” vaxtlarında verir. Amma hər halda görünən odur ki, sözügedən məsələdə Putindən daha çox canfəşanlıq edir.
Onun bu sayaq fəaliyyəti danışılmış oyun ola bilərmi? Belə ehtimalalr irəli sürülür ki, Qərb Medvedyevlə danışaraq, onu Putinin varisi kimi hakimiyyətə gətirmək istəyir. Medvedyev də rus şovinistlərini hürkütməmək üçün özünü qəsdən daha şovinist kimi göstərməyə çalışır. Bu fonda Medvedyevin varis olmaq şansı nə qədərdir? Ümumiyyətlə, onun hakimiyyətə gəlişi mümkündürmü?
Məsələni Qaynarinfo-ya şərh edən politoloq Zərdüşt Əlizadənin fikrincə, keçmiş Rusiya Prezidentinin Putinin varisi olmaq şansı sıfıra bərabərdir:
"Medvedyevin Rusiyada hakimiyyətə gəlmək yönündə heç bir şansı yoxdur. Bu heç bir halda baş tutan iş deyil. Putin buna imkan verməz. Onun devrilməsi baş tutsa da belə, yerinə gələn Medvedyev yox, bir başqası olacaq. Medvedev bu işə yaramır. Bu fikirlər sadəcə bəzi mətbuat işçilərinin fantaziyasının nəticəsidir. Belə yazılarla hay-küy yaratmaq istəyirlər”.
Rüfət Sultan