Xəbər lenti

Meksika siyasi terror: Bələdiyyə sədrinin katibi və müşaviri öldürüldü
Dünya 13:15 21.05.2025

Meksika siyasi terror: Bələdiyyə sədrinin katibi və müşaviri öldürüldü

Meksika şəhərində baş verən silahlı hücum nəticəsində bələdiyyə başçısının iki yaxın əməkdaşı öldürülüb

Meksikanın paytaxtı Mexiko şəhərində baş verən silahlı hücum nəticəsində bələdiyyə başçısı Klara Bruqadanın iki yaxın əməkdaşı həlak olub. 

Qaynarinfo xəbər verir ki, rəsmi məlumatlara görə, hücum Kalzada de Tlalpan ilə Napoleon küçələrinin kəsişməsində, əməkdaşların avtomobilin içində olduğu vaxt baş verib.

Bruqadanın şəxsi katibi Ximena Qusman və müşaviri Xose Munyos motosikletli bir şəxs tərəfindən açılan atəş nəticəsində həyatını itirib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım qruplarının bütün müdaxilələrinə baxmayaraq, Qusman və Munyosun həyatını xilas etmək mümkün olmayıb.

Bələdiyyə başçısı Bruqada açıqlamasında deyib: "Ximena mükəmməl, yorulmaq bilməyən və nəzakətli bir qadın idi. Pepeni uşaqlığımdan tanıyıram, tanıdığım ən ağıllı və məsuliyyətli insanlardan biri idi".
 


Prezident Şeynbaumdan istintaqla bağlı göstəriş

Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında hadisəyə münasibət bildirərək "Təəssüf ki, Ximena Qusman və Xose Munyos silahlı hücum nəticəsində həyatını itirib" deyərək Bruqadaya və həlak olanların ailələrinə başsağlığı verib.

Prezident bildirib ki, hadisənin araşdırılması üçün Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Katibi Omar Qarsia Harfuça xüsusi göstəriş verilib:

"Bu hadisəyə görə məsuliyyət daşıyanlar cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli şəkildə aparılacaq, hökumət tam dəstək verəcək".

Qeyd edək ki, Şeynbaum prezident olmazdan əvvəl Mexiko şəhərinin bələdiyyə başçısı vəzifəsində çalışıb. Hazırkı bələdiyyə başçısı Bruqada isə onun lideri olduğu Morena Partiyasının üzvüdür.

Cinayətin arxasında kartellərmi dayanır?

"Associated Press" agentliyinə danışan meksikalı təhlükəsizlik analitiki David Sauseado bildirib ki, bu qətllər təşkilatlanmış cinayət hadisəsinin izlərini daşıyır. Onun sözlərinə görə, qətllər Bruqadanın rəhbərliyi üzərində təzyiq yaratmaq məqsədi daşıyır. Sauseado Ximena Qusman kimi önəmli bir şəxsin niyə daha yaxşı qorunmadığını da sual edib.

"Financial Times"ın məlumatına görə, Meksikada 2024-cü ildə keçirilmiş ümumi və yerli seçkilər dövründə 40-dan çox namizəd öldürülüb. Meksika kartelləri keçmişdə də təhlükəsizlik qüvvələrini nəzarət altına almaq və onlara qarşı əməliyyatların qarşısını almaq üçün siyasətçiləri hədəf alıblar.

Meksikada təşkilatlanmış cinayət qrupları ölkə daxilində narkotik alveri, hədə-qorxu ilə pul toplama və neft qaçaqmalçılığı kimi qanunsuz fəaliyyətləri nəzarətdə saxlamaq üçün genişmiqyaslı qarşıdurmalara girir. Mütəxəssislər bu qrupların bir çox bölgələrdə yerli hakimiyyətlərlə əməkdaşlıq etdiklərinə inanırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->