Ölkə 11:26 13.06.2022

Məktəblilərin tur qəzaları: Günahkar kimlərdir? - Xanəndədən sərt sözlər

"Bütün günü ancaq pul yığıb, əylənməklə məşğul olan bir ortamda, elmdən, təhsildən söhbət gedə bilməz. Hamısını da edən valideynlərin özləridir. Buna bir "stop” deyək”.

Qaynarinfo xəbər verir ki, bunu Əməkdar artist Nuriyyə Hüseynova Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza ilə bağlı fikirlərini bölüşərkən deyib deyib. Xanəndə baş verən hadisədə valideynləri qınayıb:

"Məktəblilərin yol qəzasından çox üzüldüm. Bu gün insanların həyat, yaşam tərzi çox çətin olsa da, amma heç kim əyləncədən qalmaq istəmir. Valideynlərin bu işlərdə çox böyük rolu və günahı var. Butun günü "WhatsApp” qrupunda ya pul yığıb lazımsız əyləncələr etmək, ya da macəra axtarışındadırlar. Bəzən də valideyn komitəsinin rəhbəri kimi seçilən bir valideyn özü hansı agıldadırsa, bütün sinfi də öz arxasınca aparmağa nail olur. Baxın, mənim əzizlərim, istirahət, əylənmək hər kəsin haqqıdır, amma bizdə bu, artıq ifrat dərəcəyə gəlib çatıb”.

Nuriyyə Hüseynova bildirib ki, orta məktəblərin bütün siniflərdə bu hallar dəhşətli dərəcədə tüğyan edir:

"Kimsə də bu əyləncələrdən lazımsız, mənasız pul yığmalardan uzaq olanda, deyirlər ki, filankəsin anası xəsisdir. Ana da geri qalmasın deyə, söz olar düşüncəsi ilə istəməsə belə, qatılır o gerizəkalı təkliflərə. Sonda da belə xoşagəlməz hallar baş verir. Bir çoxunuz deyəcəksiniz ki, qəzadır, qismətdir. Təbii qismətdən qaçılmaz. Amma bu gün üçün bizim məktəblərimizdə vəziyyət belədir”.

Xanəndə hesab edir ki, uşağın uşaq həyatı var, məktəbli dərsini oxuyub, tətil vaxtında öz valideyninin himayəsində dincəlməlidir:

"Bütn günü ancaq pul yığıb, əylənməklə məşğul olan bir ortamda, elmdən, təhsildən söhbət gedə bilməz. Hamısını da edən valideynlərin özləridir. Buna bir "stop” deyək”.

Bahar Rüstəmli