
Çində dövlət məmurlarından biri bahalı qol saatına görə 14 il müddətinə həbs cəzası alıb.
"Sinxua" agentliyinin məlumatına görə, məhkəmə Yan Daçayı korrupsiyada və "mənşəyi məlum olmayan mülkiyyətə" sahib olmaqda təqsirli bilərək bu cəzanı verib. Məmurun bahalı saatları da dövlətin xeyrinə müsadirə edilib.
Şensi əyalətinin Əməyin Təhlükəsizliyi İdarəsinin sabiq rəisi olan Yan Daçay hələ ötən ilin avqustunda internetdə yayılmış fotoşəkillə bağlı qalmaqala səbəb olmuşdu. Həmin şəkildə məmur 36 nəfərin ölümü ilə nəticələnmiş qəza yerində gülümsəyərək poz verib. Bundan sonra bloqqerlər Yan Daçayın həmin şəkildə və digər şəkillərdə bir-birindən fərqli və bahalı marka qol saatları taxdığını aşkar ediblər. Bu da araşdırmaya əsas verib. İnternet istifadəçilərinin fikrincə, Yan Daçay dövlət məmuru maaşına bu qədər bahalı saatlar ala bilməzdi.