
Səhər işə gələndə, piyada keçidindən keçmək üçün işıqforda yaşıl işığın yanmağını gözləyirdim. İşıq elə yenicə yanmışdı ki, yolu keçməyə qorxdum. Niyə? Çünki hansısa harınlamış məmur və ya oliqarx balasının yüksək sürətlə hərəkət edən bahalı bir avtomobilinin altında qalaraq, həyatımı sonlandırmaq istəmədim. Məni maşın vursa, əziyyət çəkən valideynlərim, bir də yaxın dostlarım olacaq. Yəni ölsəm, yarımçıq qalan heç nəyim yoxdur, sadəcə yaxınlarım üçün qəm-kədər var.
Bir də görürsən piyada keçidində bahalı bir maşın evdə həsrətlə valideynini gözləyən uşağın gözlərinə bir ömürlük dərd verir. Çünki, həmin keçiddə vurulanlar arasında evli, ailəli insanlar da var. Həmin an orada ata, anadan daha çox onların uşaqları ölür. Bu xatırlatmanı oxucuya təsir etmək üçün dedim. Əsas demək istədiklərim isə tamamilə başqadır.
Yolu keçərkən ağlıma maraqlı ideyalar gəldi. Dedim tənbəllik etmədən bu ideyaları təklifə çevirib cəmiyyətə təqdim edim. Bu təklifləri həm də yuxarı təbəqəni qorumaq üçün edirəm ki, onlar da rahatlıqla bahalı maşınlarının kefini çıxarsınlar.
Yerdə olub, məcazi mənada göylə getməkdənsə, qoy elə həqiqi mənada göylə getsinlər
Ucdan tutub, ucuzluğa getmədən, ilk təklifi sizlərə təqdim edirəm, əziz həmvətənlərim:
İlk olaraq onu qeyd edim ki, 2017-ci ildə texnologiyadan gözləntilər çox böyükdür. Elastik və qatlanan ekranlı smartfonlarla, bir dəfə şarj olunanda, 1000 km yol qət edə biləcək elektriklə işləyən avtomobillərlə yanaşı, artıq uçan minik maşınlarının da istehsalına başlanılıb. Mən düşünürəm ki, uçan avtomobil daha çox bizim varlı təbəqəmizə lazımdır. Uçan avtomobilləri də ancaq ölkəyə onlar gətirməlidir. Yerdə olub, məcazi mənada göylə getməkdənsə, qoy elə həqiqi mənada göylə getsinlər.
İkinci təklif daha çox Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xoşuna gəlməlidir. Yəqin ki, çoxunuz Hollandiyanın paytaxtı Amsterdamın "dünyanın ən yaxşı velosiped şəhəri" seçildiyini bilir. Şəhər əhalisinin demək olar ki, hamsının velosipedi var. Elə düşünməyin ki, mən cəmiyyətin oliqarx nümayəndələrinə velosiped sürməyi təklif edirəm. Haşa! Təklifim budur ki, sırf oliqarxların istifadə edə biləcəyi yollar salınsın. Həmin yollarda piyada keçidinə də ehtiyac olmasın. Belə olanda, kasıb-kusub da maşın altında qalıb, narahatlıq yaratmaz.
"Gelandevagen"i o başa çapsınlar, "BMW"ni bu başa...
Amsterdam velosiped yollarına görə birinci ola bilirsə, Bakı nə üçün "oliqarx yolları"nın çoxluğuna görə lider olmasın!
Yox, deyirsinizsə ki, yeni yol salmaq baha başa gəlir, büdcəmizin imkanları o qədər geniş deyil, o zaman gəlin belə edək, "Formula" yarışları üçün hazırlanan yollar sökülməsin və o yollardan yalnız məmur balaları istifadə etsinlər. Nə qədər istəyirlər, qoy özləri üçün yarışsınlar. "Gelandevagen"i o başa çapsınlar, "BMW"ni bu başa... Qalibi hətta kasıb-kusub bir piyada ilə mükafatlandırmaq da olar. Axı oliqarx balaları üçün piyadanın heç bir dəyəri yoxdur...
Növbəti təklifim bahalı avtomobil yiyələrinə heç də xoş olmaya bilər. Yüksək sürət avtomobil qəzaların əsas səbəbidir. Düşünürəm ki, xaricdən gətirilən bahalı maşınlara dövlət tərəfindən sürət həddi qoyulmalıdır. Məsələn, saatda 80 km-i aşmaq istəyəndə, maşın olduğu yerdə dayansın. Bunun sayəsində, bəlkə maşını idarə etməyi də öyrəndilər. Və ya bunun üçün daha alternativ yol tapmaq olar. Məsələn, bahalı maşınların sürət qutusuna xüsusi siqnalizasiya qoşulsun. Belə olanda, sürət həddini aşan kimi həmin uşağın vəzifədə olan əmisinə, ya da dayısına mesaj gedər ki, bəs vəzifə əldən gedir. O da bəlkə bundan xoflanıb zəng vurub deyər ki, "Ə, özünü yığışdır, maşını adam kimi sür".
Bu qızıldan qiymətli təkliflərimi nəzərə alın ki, piyada keçidindən istifadə edən mədəni vətəndaşlarımızın sayı azalmasın.
Lalə Niftaliyeva
Qaynarinfo.Az