Səudiyyə Ərəbistanı 2025-ci ili təxminən 73,8 milyard dollar büdcə kəsiri ilə başa vurub. Artan layihə xərcləri və neft qiymətlərinin azalması ölkənin maliyyə balansına ciddi təsir göstərib.
Qaynarinfo xəbər verir ki, neft qiymətlərinin aşağı düşməsi nəticəsində dövlət gəlirləri illik müqayisədə təxminən 20% azalıb. Bu isə ölkənin həyata keçirdiyi iri infrastruktur və texnologiya layihələrinin maliyyələşdirilməsini çətinləşdirib.
Səudiyyə Ərəbistanı iqtisadiyyatı neftdən asılılıqdan çıxarmaq və turizm, texnologiya kimi sahələri inkişaf etdirmək məqsədilə Vision 2030 proqramı çərçivəsində genişmiqyaslı layihələr həyata keçirir. Lakin bu futuristik layihələrin xərclərinin gözləniləndən daha yüksək olması büdcəyə əlavə yük yaradıb.
Ölkənin ən diqqətçəkən layihələrindən biri olan Neom "ağıllı şəhər” layihəsi, həmçinin Qiddiya əyləncə kompleksi və planlaşdırılan 2 kilometr hündürlüyündə Rise Tower kimi tikililər yüksək maliyyə tələb edir. Bu layihələr yalnız memarlıq baxımından deyil, həm də maliyyə miqyasına görə dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Brent markalı neftin bir barelinin qiymətinin 76 dollardan 62 dollara qədər enməsi dövlət gəlirlərinin azalmasına səbəb olub və bu da meqa layihələrin maliyyələşdirilməsini daha da çətinləşdirib. Xüsusilə ilin son rübündə yaranan təxminən 25 milyard dollarlıq kəsir ölkənin maliyyə vəziyyətində ciddi dəyişiklik yaradıb.
Ekspertlər bildirirlər ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatın şaxələndirilməsi strategiyası uzunmüddətli perspektivdə mühüm əhəmiyyət daşıyır. Bununla belə, meqa layihələrdə xərclərin nəzarətdə saxlanılması və prioritetlərin düzgün müəyyənləşdirilməsi zəruridir. Bir sıra layihələrin gecikdirilməsi və ya büdcəsinin yenidən nəzərdən keçirilməsi ehtimalı da müzakirə olunur.
Günay
Şərhlər