Hüseynbala Səlimov
Alman futbolunun azarkeşləri yamanca məyusluğa düçar oldular – onların "futbol maşını” çoxsaylı proqnozları alt-üst etdi, almanlar hələ dördə bir finalda məğlub oldular.
Zira düşünürük ki, alman siyasətinin tərəfdarlarını daha böyük bir məyusluq gözləyir – baxmayaraq ki, Angela Merkel payızda böyük siyasətdən getməyi planlayır, o yenə də çox böyük siyasi fəallıq nümayiş etdirməkdə davam edir.
Qərəz, Almaniyanın birinci ledisi Avropa İttifaqı (Aİ) ilə Rusiyanı barışdırmaq əzmindədir. Ona görə də tez-tez müxtəlif ölkələrə səfərlər edir, hətta iyulda Vaşinqtona da yollanmaq əzmindədir ki, ABŞ prezidentini Rusiya ilə diaqloqu davam etdirməyə və dərinləşdirməyə inandırsın.
Rusiyanın dünya siyasətində rolu və yeri çox çətin bir mövzudur və bir yazıda bunu tamam əhatə etmək mümkün deyil.
Aİ ilə Rusiyanın əlaqələrinə gəldikdə, demək olar ki, post-sovet ölkələrinin Aİ-ə inteqrasiyasını əngəlləyən ilk növbədə Rusiyadır. Bu prosesi tormozlamaq üçün ruslar hətta tələsik öz "alternativ”lərini, bəli, Avrasiya Birliyini yaratdılar.
Amma Moskva post-sovet ölkələrini bu birliyə qoşmağa nail ola bilmədi. Hər şey ondan başlandı ki, Moldova, Ukrayna və Gürcüstan Aİ ilə assosasiya sazişi imzaladılar. Bundan sonra Ukrayna və Gürcüstan öz ərazilərinin bir hissəsi üzərində nəzarətlərini tamam itirdilər.
Bundan sonra gündəmə yumşaq avro-inteqrasiya modeli gəldi. Brüsseldə başa düşdülər ki, məsələni çoxvariantlı üsulla həll etmək lazımdır. Ona görə də post-sovet ölkələrinin bir hissəsi "Şərq Tərəfdaşlığı Proqramı” çərçivəsində individual sazişlər imzalamağa başladılar.
Hətta Ermənistan bundan istifadə edərək, özlərinin dediyi kimi, Aİ ilə geosiyasi sətiraltıdan azad olan "saziş” imzalamağa nail oldu. Amma çox tez bir zamanda Ermənistanda inqilab baş verdi, nəticədə Sarqsyan hakimiyyətdən getdi və Moskva bu prosesi dayandırmaq üçün əlini əlinin üstünə belə qoymadı. Üstəlik, Moskvanın Sarqsyana qarşı soyuq münasibəti bu gün də davam edir. Bəli, Kreml ona deyil, ikinci prezident Robret Koçaryana isti münasibət göstərir.
Əlbəttə, demək olar ki, Sarqsyan devrilmiş prezidentdir və çətin ki, əhalinin ona qarşı münasibəti bu qədər tez bir zamanda ciddi dərəcədə dəyişmiş olsun. Amma Koçaryanın da siyasi karyerasında qara ləkələr-səhifələr heç də az deyil, amma bunlar Kremlə R.Koçaryana qarşı isti münasibət göstərməyə heç də mane olmadı.
Rusiyaya gəldikdə, qeyd edək ki, onun ucbatından avro-inteqrasiya prosesi tamamlana bilmir, yerində sayır. Düzdür, qalan dövlətlərin, məsələn, Bakı ilə Minskin daha çox hansı motivlərdən Aİ ilə sazişi yubatmağı tamam bəlli deyil və hətta bir azacıq mübahisəlidir. Deyə bilmirsən ki, burada əsas amil nədir: Rusiyanın təhdidlərindən ehtiyat etmək, yoxsa yerli maraqlar?..
Aİ-nin özündə də avro-inteqrasiyaya yanaşmada iki mövqe daha çox özünü biruzə verir. Bir sıra ölkələr buna sırf iqtisadi proses kim baxır. Digərləri isə burada geosiyasi maraqların olmasını da inkar etmir. Çox güman ki, Merkeli birincilərə aid etmək lazım gəlir. O özünün bütün siyasi karyerası zamanı Rusiyaya qarşı isti münasibətlə seçilib. Bəlkə burada səbəb Rusiyaya qarşı Almaniyanın səksən il bundan əvvəl başlatdığı müharibənin yaratdığı günah hissidir?
İnsan hislərindən baş çıxarmaq çox çətin məsələdir. Amma düşünmürük ki, Merkel bu qədər sentimental xanım olsun. Fəqət onun siyasətini müttəfiqləri belə dəstəkləmir. Əlbəttə, ABŞ prezidenti D.Tramp çox mübahisəli siyasi fiqur idi, amma o da dəfələrlə bəyan etmişdi ki, ölkəsi Avropanı Rusiyadan qorumaq üçün böyük vəsaitlər ayırır, avropalılar isə həmin vəsaitləri Rusiyanın xəzinəsinə yönəldirlər...
Əlbəttə, burada bunu da qeyd etmək lazımdır ki, təqaüdə yollanan siyasətçilərlə heç kim ciddi münasibətlər qurmur. Ona görə də Merkelin son cəhdlərinə "Qu nəğməsi” deyənlər də var.
Məlum olduğu kimi, qu quşları oxuyan quşlar deyil. Amma xalq inanclarına görə, ölüm ərəfəsində onların səsi yaranır. Əlbəttə, biz indi Merkelin siyasi fəaliyyətinin qürubundan danışırıq. Fiziki mənada isə o, güman ki, hələ çox yaşayacaq. Odur ki, ona sağlamlıq və bir də siyasi təfəkkür aydınlığı arzulayırıq ki, ilanla kirpini ayıra bilsin, onları cütləşdirmək fikrində bulunmasın...