Almaniyanın kansleri Fridrix Mers Ukraynaya "Taurus” qanadlı raketlərinin verilməsini istisna etməyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə ZDF telekanalına verdiyi müsahibədə
danışıb.
Aparıcının Ukraynaya "Taurus” raketlərinin göndərilməsi ehtimalı barədə sualına cavabında kansler belə deyib:
"Əlbəttə, bu, mümkün olanlar çərçivəsindədir".
Eyni zamanda, o qeyd edib ki, bu raketlərin istifadəsi üçün ukraynalı hərbçilərin bir neçə ay təlim keçməsi tələb olunacaq. Kansler əlavə edib ki, bu sistemlərin yarım il və ya bir ildən sonra verilməsi Ukraynaya bu gün fayda verməyəcək.
Məhz buna görə, Mers bildirib ki, Ukraynaya hərbi dəstək artıq bu gündən təkmilləşdirilməlidir. Moskvaya qarşı əlavə sanksiyalarla bağlı isə o vurğulayıb:
"Hüquqi baxımdan təhlükəsiz çərçivədə mümkün olan hər şey düşünülə və həyata keçirilə bilər".
"Taurus” – Almaniya və İsveçin birlikdə istehsal etdiyi uzun mənzilli qanadlı raketdir. O, 500 km-ə qədər məsafədə hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bu raketlər möhkəmləndirilmiş və yeraltı obyektlərə nüfuz edə bildiyindən, düşmənin arxa cəbhəsindəki komanda məntəqələrinə, sursat anbarlarına və logistika obyektlərinə qarşı xüsusilə effektiv hesab olunur.
Ukrayna artıq uzun müddətdir Almaniyadan bu raketləri istəyir ki, işğal olunmuş ərazilərdəki Rusiya hədəflərinə effektiv zərbələr endirə bilsin. Lakin Berlin bu günə qədər bu tələbi yerinə yetirməkdən imtina edib – səbəb kimi münaqişənin eskalasiyası və Rusiya ərazisinə mümkün zərbələrin yaratdığı risk göstərilir. Lakin müttəfiqlərin təzyiqləri və cəbhədəki dəyişikliklər Almaniyanı mövqeyinə yenidən baxmağa vadar edə bilər.
Yaxınlarda kansler Fridrix Mers bəyan etmişdi ki, Ukraynanı dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. O, həmçinin vurğulamışdı ki, bu, Ukrayna Silahlı Qüvvələrinə verilən silahların məsafəsinə heç bir məhdudiyyət qoyulmaması deməkdir.
Alpər
Şərhlər