Məşhur qolfçu Tayger Vuds az qala həyatına son qoya biləcək avtomobil qəzası keçirdikdən uzun müddət sonra yenidən qolf oynamağa başlayıb.
Qaynarinfo xəbər verir ki, 45 yaşlı idmançı əvvəlki kimi oynaya bilməyəcəyini və tam sağalmağa çalışdığını etiraf etsə də turnirlərin birində iştirak etmək arzusundadır. O, "Digest"ə açıqlamasında illərdir dünya reytinqində davam etdirdiyi amansız liderliyə qayıda bilməyəcəyini etiraf edib və karyerası ilə bağlı suala belə cavab verib:
"Düşünürəm ki, bir gün hansısa turnirdə oynayacağım realdır. Ayağım yaxşılaşsa hələ də yarışlarda iştirak edə bilərəm. Əlbəttə, idman zalına daxil olarkən endorfinlərim işə düşür və mən oynamaq istəyirəm. Amma sonra hamı bunun mənə baha başa gələcəyini xatırladır. Oynadığım bütün turnirlərdə qalib gəlmək üçün əlimdən gələni edirdim. Hər idman növündə olduğu kimi, bunun da bir fəasdı var. Ümumiyyətlə hansısa işlə məşğul olmağın fəsadları var və təəssüf ki, idmançılar üçün zədələr bunun bir hissəsidir. Möhtəşəm həyat yaşamaq üçün dünyanın ən yaxşı oyunçularına qarşı yarışmalı deyiləm. Bir dəfə "Everestin zirvəsi"nə qalxmalı idim və bunu bacardım. Bu dəfə həmin zirvəyə qalxa biləcək bədənə sahib olduğumu düşünmürəm. Amma hələ də qolf yarışlarında iştirak edə bilərəm"
Dünyaca məşhur qolfçu Los-Ancelesdə avtomobili ilə qəzaya uğramışdı. Qəzadan sonra onun avtomobili saatda 280 km sürətlə sürdüyü müəyyənləşmişdi. Yüksək sürətlə idarə etdiyi avtomobillə ağaca çırpılan idmançı müxtəlif dərəcəli sınıqlar almış və təcili əməliyyata aparılmışdı. 5 dəfə kürəyindən, eyni sayda da sol dizindən əməliyyat olunan 15 qat dünya çempionu qəzadan sonra bir daha qolf çubuğunu yelləyə bilməmək təhlükəsi ilə üzləşmişdi.
Səbuhi Həsənov