
Ancelina Coli, Bred Pitt və digər onlarla məşhurun qalmaqal yaratmış fotolarını çəkmiş jurnalist güllələnib.
Dünyanın ən məşhur paparatsilərindən biri, tanınmış jurnalist və reportyor, 42 yaşlı italyan Daniele Lo Presti qətlə yetirilib.
Milli.Az-ın məlumatına görə, "Conni" ləqəbi ilə tanınan fotoqrafın meyiti dünən günorta saatlarında Tibr çayının sahilində tapılıb. Prestinin əynində idman trikosu, futbolka və krossovkalar, boynunda isə evinin açarları vardı.
Bu yer paparatsinin hər səhər qaçışa çıxdığı məkan, Romanın cənub-qərbindəki velotrekin yanıdır.Yoldan keçən şəxs yerdə uzanılı qalmış adamın ürəyinin tutduğunu düşünüb. Lakin o, Conninin alnında güllə dəliyi görəndə polisə zəng vurub.
Dünən Presti iki fotoqrafla zəngləşərək, 16:30-da birlikdə qaçışa çıxmaqla bağlı razılaşmışdı.Fotoqraflar Prestini gözləyiblər və onun gəlmədiyini görəndə onun evə getdiyini düşünüblər.
Polisdən verilən məlumata görə, paparassini 22 çaplı tapançadan açdığı atəşlə qətlə yetirmiş killer onu yaxın məsafədən vurub. Il Messaggero bildirir ki, polis qarət versiyasını əsassız sayır, çünki Presti evdən çıxanda üstündə yalnız açarlar vardı. O, hətta sənədlərini də götürməmişdi.
Qətlin bir neçə versiyası var. İlkin versiyaya görə, Conni birlikdə görülən işə görə həmkarlarından birinə borclu qala bilər.İkinci versiya isə mərhumun peşə fəaliyyəti ilə bağlıdır.2009-cu ildə Presti ölümlə təhdid olunmuş və naməlum şəxslər onun maşınını yandırmışdılar.Mərhum Presti LaPresse informasiya agentliyi, habelə Dagosipa jurnalı ilə sıx əməkdaşlıq edirdi.
Qaynar.info