"Zewa", "Libresse" və "Libero" ticarət nişanlarına sahib olan İsveçin "Essity" şirkəti Rusiyadakı müəssisələrini yerli idarəetməyə verəcək.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
"Qlobal İsveç şirkəti "Essity"nin rəhbərliyi Rusiya bazarını tərk etmək və istehsal müəssisələrini idarə etmək hüququnu rusiyalı səhmdarlara vermək qərarına gəlib. Şirkətin fəaliyyəti davam edəcək və bu qərar məhsulların çeşidinə, həcminə və dəyərinə təsir etməyəcək", deyə məlumatda bildirilir.
Nazirlik müəssisələrdə iş yerlərinin qorunub saxlanacağını vurğulayıb:
"Sənaye və Ticarət Nazirliyi vəziyyətdən xəbərdardır və hüquqların ötürülməsi prosesini və müəssisələrin gələcək fəaliyyətini diqqətlə izləyir, yeni sahiblərlə daim əlaqə saxlayır".
Daha əvvəl bildirilmişdi ki, Rusiyada 70 müxtəlif fərdi qulluq məhsulları istehsal edən "Essity" nəhayət ölkə bazarını tərk etmək qərarına gəlib və Rusiya Federasiyasındakı biznesini satır.
"Essity" tualet kağızı, kağız dəsmallar, qutulu salfetlər, yaş və masa salfetləri, üz maskaları, həmçinin sabunlar, losyonlar və əl təmizləyiciləri istehsal edir. Şirkət Rusiyada 1994-cü ildə fəaliyyətə başlayıb və bu gün Rusiya bölməsində 1300-ə yaxın işçi çalışır. Rusiya bazarında "Zewa", "Tork", "Libero", "Libresse" və "Tena" markaları altında bir sıra gigiyena məhsulları var. Rusiyada üç Essity fabriki fəaliyyət göstərir.
Aydın