Dünya 15:50 01.09.2022

Məxfiləşdirilmiş təfərrüatlar: ABŞ İrana qarşı PUA-lar şəbəkəsi yaradır

ABŞ Hərbi Dəniz Qüvvələri İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə regionda İran hərbi qüvvələrinin qarşısını almaq üçün pilotsuz uçuş aparatları şəbəkəsi yaratmaq üzərində işləyir.

Bu barədə Qaynarinfo "The Wall Street Journal”a istinadən xəbər verir.

Birləşmiş Ştatlar gözləyir ki, gələn yaya qədər 100-ə yaxın kəşfiyyat PUA-sı Süveyş kanalından İran sahillərinə qədər əraziyə nəzarət edəcək.

Təşəbbüslə bağlı bütün təfərrüatlar məxfiləşdirilib. ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilən dronların təfərrüatlı şəkillər və digər məlumatları göndərə bildiyi məlumdur.

Onlar alınan bütün məlumatları ABŞ-ın Bəhreyndəki komandanlıq mərkəzinə ötürəcəklər. Hələlik sınaqlarda silahsız dronlar iştirak edir. WSJ qeyd edir ki, ekspertlər ABŞ-ın gələcəkdə PUA-ları silahla təchiz etməyə başlayacağını gözləyirlər, lakin bu, "qızğın müzakirələrə səbəb ola bilər".

Nizami Bağırov