Xəbər lenti

Məyus Rusiya oliqarxları... - Onlar sanksiyadan qurtulmaq üçün nələrə əl atıblar?
Dünya12:08 07.09.2022

Məyus Rusiya oliqarxları... - Onlar sanksiyadan qurtulmaq üçün nələrə əl atıblar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yazda rusiyalı milyarder Mixail Fridman ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kuinə zəng edərək sərvətinin bir hissəsini rus işğalından zərər çəkmiş Ukraynanın bərpasına bağışlamağı təklif edib. Bunun müqabilində o, ABŞ-dan xahiş edib ki, o vaxt Qərb dövlətlərinin Rusiya oliqarxlarına qarşı Vladimir Putinə təzyiq göstərmək ümidi ilə ona qarşı tətbiq edilən sanksiyalardan yayına bilsin.
Kuin suallar verməyə başlayandan sonra söhbət tez bir zamanda yüksək tona keçib, "Financial Times” vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.
Fridman Putinə heç bir təsirinin olmadığını bildirərək Kuinin üstünə qışqırmağa və onu söyməyə başlayıb.
"O, vətəni Ukraynaya olan sevgisindən danışırdı", - mənbə bildirib (Fridman əslən Ukraynanın Lvov şəhərindəndir – red.). "Ancaq sonra, şübhəsiz ki, o, ürəyindəkiləri dedi: "Siz mənim bütün pullarımı ələ keçirmək istəyirsiz".
Kuin söhbətin bitdiyini deyib və telefonu qapadıb. Fridman ona üzrxahlıq mesajı göndərib, lakin heç bir cavab almayıb.
ABŞ Dövlət Departamenti "diplomatik danışıqları” şərh etməkdən imtina edib. Qəzet yazır ki, Fridman nə vaxtsa Kuinlə danışdığını, ABŞ-dan ona sanksiyalardan qaçmaqda kömək istəməsini və ya Ukraynanın bərpasına kömək təklif etdiyini inkar edib.
Avropa Birliyi Fridman və onun ortağı Petr Avenə qarşı sanksiyaları fevralın 28-də, Rusiyanın Ukraynaya müdaxiləsindən dörd gün sonra tətbiq edib. Hər ikisi Böyük Britaniyadan Rusiyaya qayıtmayıb. Onların "Alfa Group” və Britaniya holdinqi "LetterOne”dakı ortağı Aleksey Kuzmiçov mart ayında ona qarşı sanksiyalar tətbiq olunan zaman İsveçrədə xizək sürürmüş. Bu səbəbdən o, Fransada olan ailəsinin yanına qayıda bilməyib, lakin o da Rusiyaya getmək istəməyib, - vəziyyətlə tanış olan iki nəfər FT-yə bildirib.
Qəzetin jurnalistləri sanksiyalara məruz qalan yeddi böyük rusiyalı iş adamı, onların dostları və ailə üzvləri, eləcə də yüksək rütbəli bankirlər, aparıcı şirkətlərin keçmiş və indiki top-menecerləri, məmurlarla söhbət ediblər. Bu iş adamları Ukraynadakı müharibənin əleyhinədirlər, var-dövlətlərini məhv etdiyinə görə Putindən incik düşüblər. Amma eyni zamanda, onlar Qərbə onları "günah keçisi” edərək, təsir edə bilməyəcəyi məsələyə təsir etməyi tələb etdiyinə görə qəzəblidirlər, - FT "Məyus Rusiya oliqarxları” məqaləsində yazır.
Qəzetin yazdığına görə, Fridman sanksiyalardan azad olunmaq müqabilində Ukraynaya yardım təklif edən yeganə şəxs deyil. Bunu iri çaplı rusiyalı iş adamlarından biri FT-yə deyib:
"Əgər belə bir qayda - sərvətlərinin 50%-ni Ukraynanı dəstəkləməyə, qalan 50%-ni isə özlərinə saxlamaq olsaydı, onda hamı qaça-qaça gələrdi. Problem ondadır ki, onların çıxış yolu yoxdur. Onlara hara getməli və nə üçün işləməli olduqları göstərilməlidir”.
Müharibədən əvvəl Fridmanın sərvəti 13 milyard dollar qiymətləndirilirdi. Ukrayna hakimiyyəti iyul ayında rusiyalı oliqarxlarının 1,1 milyard dollarlıq aktivlərini dondurduqlarını bildirmişdi. Bəzi məmurlar ölkənin yenidən qurulmasını maliyyələşdirmək üçün sadəcə olaraq onların sərvətlərinin müsadirə edilməsini təklif edirlər. Amma Kiyev biznesmenlərin özləri ilə birbaşa sövdələşmələrə getmək istəmir.
Zelenskiyə yaxın adamın sözlərinə görə, o, Fridmanın təklifi ilə bir halda razılaşacaq ki, biznesmen Putini qınasın, müharibəyə qarşı daha sərt çıxış etsin (Fridman bunu açıq şəkildə yalnız bir dəfə "faciə” adlandırıb) və Rusiya vətəndaşlığından imtina etsin, - FT yazır.
Prezident Volodimir Zelenskinin ofisinin rəhbərinin müavini Rostislav Şurma "Ukrayna sanksiyalardan alver vasitəsi kimi istifadə etmir” deyib. "Sanksiyaların əsas məqsədi müharibəni dayandırmaqdır, onların aradan qaldırılması üçün şərait tapmaq deyil”. Amma biznesmenlərin özləri və bəzi Qərb ekspertləri bildirirlər ki, bir çox iş adamları Putinə yaxın deyillər və müharibənin gedişatına təsir edə bilmirlər. 
"Saray çevrilişi etmək üçün ilk növbədə sarayda olmaq lazımdır. Amma onların heç biri orada deyil”, - sanksiyaya məruz qalan iş adamlarından biri deyir. - Böyük Britaniyada olan Fridman prezidentin qərarlarına necə təsir edə bilər? O, Moskvada evində olsa belə, prezidentlə heç bir əlaqəsi olmayacaqdı. Bu halda onun qərarlarına necə təsir edə bilər?
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da oxşar fikirdədir:
"Rusiyada iki növ oliqarx var. 1990-cı illərdə sərvət qazananlar var və biz çox fəxr edirik ki, onlara qarşı sanksiyalar tətbiq edirik, yaxtalarını əllərindən alırıq. Ancaq aydın başa düşməlisiniz: bu insanların Vladimir Putinə heç bir təsiri yoxdur. Yeni dalğadan gələn oliqarx həqiqətən varlı adamdır və o, Putinə yaxındır, amma məhz bu yaxınlığına görə varlanır. Deməli, onun da müharibəni dayandırmaq üçün prezidentə heç bir təsiri yoxdur”.
Hazırda iş adamlarının sanksiyaların ləğvinə nail olmaq üçün məhkəmədən başqa çıxış yolu yoxdur. FT sənədlərə və vəziyyətlə tanış olan şəxslərin məlumatlarına əsasən yazır ki, 21 nəfər tərəfindən Avropa Məhkəməsində iddia qaldırılıb.
Qərbdə qalıb yaşayan sanksiyaya məruz qalmış iş adamlarına Kremldən mütəmadi zənglər gəlir və onları Rusiyaya qayıtmağa çağırırlar, FT-yə bu cür zəngləri alan iki nəfər və Rusiya hakimiyyətinin elitanı konsolidasiya etmək cəhdləri ilə tanış olan bir neçə digər şəxs deyib. Londonda yaşayan biznesmenin (burada 65 milyon funt-sterlinqə ev alıb) keçmiş iş ortağının sözlərinə görə, Fridmanın məsələsi tam başqadır və Londonda olması onun dünya səhnəsində olması deməkdir: "Fridman həmişə Rusiyaya nifrət edib. Orada yaşaya bilmirdi. O, ilk fürsətdə oradan çıxaraq Qərbə gedib, biznes qurmaq istəyirdi. O, dünyanın adamı olmaq istəyir”.
Nizami Bağırov