Britaniyanın MI5 əks-kəşfiyyat xidməti ölkə parlamentariləri sıralarına Çin kəşfiyyatçılarının mümkün sızmasının qarşısını alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" bu gün eksklüziv materialında məlumat
yayıb.
Qəzetin yazdığına görə, 2021 və 2022-ci illərdə əks-kəşfiyyatçılar hakim partiyanın rəhbərliyinə bildiriblər ki, parlament üzvlüyünə namizədlərin əsas siyahısında iki nəfər (adətən Nümayəndələr Palatasına həm adi, həm də növbədənkənar seçkilər üçün namizədlər seçilir) Çin casusları ola bilər. Qəzetin mənbələri bu şəxslərin adlarını açıqlamayıb.
"The Times” yazır ki, əks-kəşfiyyat nümayəndələri birbaşa partiya rəhbərliyinə müraciət ediblər, onlar xəbərdarlığı haqlı hesab edərək, dərhal həmin şəxsləri namizədlər siyahısından çıxarıblar.
"Bu adamların çox ciddi risk olduğu açıq şəkildə ifadə edildi. Onlar heç bir izahat verilmədən siyahıdan çıxarılıblar”, deyə qəzet öz mənbəsinə istinadən yazır.
Öz növbəsində, hakim partiyanın nümayəndəsi bildirib ki, partiya milli təhlükəsizliklə bağlı məsələlərdə mötəbər məlumatlar əldə etdikdə lazımi tədbirlər görür.
Çıxarılan namizədlərin adları açıqlanmır. Bununla belə, onların hər ikisinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xalq Cəbhəsi İşi Şöbəsi ilə sıx əlaqədə olduğu bildirilir. Onlara, xüsusilə, informasiya və kəşfiyyat məlumatı toplamaq və xaricdəki siyasi təşkilatların işinə nüfuz etmək və öz ölkələrində nüfuzu olan şəxsləri Çin hakimiyyəti ilə əməkdaşlığa sövq etmək həvalə edilib.
Pekinin öz agentlərini Britaniyada hakimiyyətin ən yüksək eşelonlarına sızdırmaq cəhdləri ilə bağlı yeni məlumatlar Çin kəşfiyyatının ölkədəki fəaliyyəti ilə bağlı bu ay başlayan qalmaqalın inkişafı kimi qiymətləndirilir.
Xatırladaq ki, sentyabrın 10-da ölkə parlamentinin iki əməkdaşının Çinin xeyrinə casusluq ittihamı ilə həbs olunduğu məlum olub. Onların hər ikisi Mühafizəkarlar Partiyasından olan Britaniya parlamentarilərinin köməkçiləri və ya referentləri kimi siyahıya alınıb, xüsusən də milli təhlükəsizlik üzrə dövlət naziri Tom Tuqendhat və İcmalar Palatasının Parlament Xarici Əlaqələr Komitəsinin sədri Alişiya Kirnslə birlikdə çalışıblar. Hər ikisinin məxfi və ya həssas məlumatlara çıxışı olduğu bildirilir.
Həbslər barədə ilk məlumat verən "The Sunday Times" qəzetinin yazdığına görə, şübhəlilərdən biri, 28 yaşlı Kris Keş nisbətən gənc yaşına baxmayaraq, Çində təhsil almağa müvəffəq olub, Böyük Britaniyada isə milli təhlükəsizlik üzrə dövlət nazirin həmtəsisçisi olduğu Çin üzrə nüfuzlu tədqiqat qrupuna rəhbərlik edib. Keş özünü təqsirli bilmir.
Nizami Bağırov