Almaniyada arxeoloqlar Amerikanın "Intel" şirkəti tərəfindən mikroçiplər istehsalı zavodunun tikintisi üçün nəzərdə tutulan ərazidə təxminən 4,5 min il yaşı olan böyük yaşayış məntəqəsi aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel” qəzeti yazıb.
Alimlər artıq Maqdeburq şəhərindəki ərazidə 50-dən çox binanın qalıqlarını tapıblar. Binalar Şimali Almaniya və Skandinaviya üçün xarakterik olan oval formaya malikdir. Evlərin əksəriyyətinin uzunluğu 10, eni 4 metrdir.
Halle Abidələr və Arxeologiya üzrə Dövlət İdarəsindən layihə rəhbəri Suzanne Friedrix jurnalistlərə bildirib ki, qazıntılar zamanı tapılan evlərin sayı 100-200-ə, yaşayış məntəqəsinin sahəsi isə 300 hektara qədər arta bilər.
Qədim yaşayış məskəni ilə yanaşı, arxeoloqlar ərazidə 1300 yaşlı kişinin məzarını da aşkar ediblər. Cəsədin sağ budunda bıçaq olub. Türbədə həmçinin qılınc qabığının metal ucu, kəmər tokası və orta əsrlər döyüşçüsü başlığını bağlayan tunc fibula sancağının qalıqları da qorunub saxlanılıb.
Alman alimləri gözləyirlər ki, tarixi kəşfin miqyası mikroçiplərin istehsalı üzrə zavodun tikintisini təxirə salmağa və ya hətta ləğv etməyə imkan verəcək. Əks halda qədim yaşayış məskəni məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Aydın