Xəbər lenti

Milli sahibkarlığın inkişafı strategiyasının müəllifi
Ekonomiks08:22 11.11.2013

Milli sahibkarlığın inkişafı strategiyasının müəllifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İş adamı Musa Mirzəyev: "Ulu öndər Heydər Əliyevi sahibkarların böyük himayədarı kimi daim ehtiramla anırıq"
Bazar iqtisadiyyatını xarakterizə edən əsas atributlarından biri də azad sahibkarlığın inkişafıdır. Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycan dövləti müasir iqtisadi yüksəlişə məhz azad bazar münasibətlərinə əsaslanan iqtisadi sistemin qurulması sayəsində çatıb. Məhz liberal iqtisadiyyatın hərəkətverici qüvvəsi olan sahibkarlıq institutunun ahəngdar fəaliyyəti sayəsində müasir inkişafa nail olunub. Bugünkü möhtəşəm uğurlarımızın müəllifi isə Ümummilli LiderHeydər Əliyevin əsasını qoyduğu mükəmməl inkişaf doktrinasıdır. Azərbaycanda liberal iqtisadiyyat quruculuğu Ulu öndərin zəngin iqtisadi dühası və əvəzolunmaz idarəçilik məharəti sayəsində mümkün olub. 
Son 15 ildə ölkə iqtisadiyyatına sanballı töhfəsini verən, yorulmadan, əzm və həvəslə qurub-yaradan, daim yeniliklər tətbiq edən, yüzlərlə insanın iş yeri ilə təminatında əvəzsiz xidmətləri olan "Təmirmaş” Açıq Səhmdar  Cəmiyyətinin (ASC) sədri Musa Mirzəyevi sayılıb-seçilən iş adamlarından biri kimi xarakterizə edə bilərik. Onun sahibkarlıq fəaliyyətinə başlaması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Musa müəllim həmin dövrü xatırlayarkən, ilk növbədə, sahibkar kimi bugünkü uğurlara çatmasında, eləcə də ölkədə azad biznesin təşəkkül tapmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd edir. O bildirir ki, 90-cı illərin əvvəlində Azərbaycan iqtisadiyyatı çox ciddi problemlərlə üzləşmişdi: "1991-ci il oktyabrın 18-də istiqlaliyyətini yenidən bərpa edən Azərbaycanın üzləşdiyi ağır və mürəkkəb proseslər fonunda nəinki bazar iqtisadiyyatı quruculuğundan, ümumiyyətlə, normal dövlət təsisatlarının fəaliyyətindən danışmaq birmənalı olaraq qeyri-mümkün idi. Həmin illəri yaxşı xatirimdədir, 1993-cü ilin əvvəllərində ölkədə hərc-mərclik, özbaşınalıq baş alıb gedirdi. Hakimiyyətdə olan səriştəsiz kadrlar ölkəni fəlakətə aprarırdılar. İyun ayınadək respublikamızın müstəqilliyi şərti xarakter daşıyırdı. 
Xalqımız müstəqillik əldə etsə də, demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu gerçəkləşdirə bilməmişdi. Bu vəziyyətdə mən də vətənimi sevən bir vətəndaş kimi ölkəmizin iqtisadiyyatında baş verən tənəzzül proseslərini ürək ağrısı ilə izləyirdim. Həmin dövrdə inflasiyanın səviyyəsi günü-gündən yüksəlir, əhalinin sosial rifahı pisləşir, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə və xarici sərmayəçilərin iqtisadiyyata cəlb olunması istiqamətində heç bir addım atılmırdı”.
Musa Mirzəyev o dövrdəki iqtisadi şəraiti daha konkret ifadə etmək üçün bəzi statistik məlumatlara müraciət etdi: "Həmin illərin sosial-iqtisadi mənzərəsini bəzi rəqəmlərlə ifadə etmək istərdim. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı ifadədüşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı. Tənəzzülə uğramış iqtisadiyyat, idarəolunmaz inflyasiya, işsizlik və digər mənfi faktorlara görə ölkə dərin sosial-iqtisadi böhran məngənəsində sıxılmaqda idi. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin yaratdığı məhrumiyyətlər, yerli və ittifaq miqyasında formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin qırılması, istehsalın kəskin azalması, uğursuz və yanlış sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın iflic vəziyyətinə düşməsinə görə işsizlik kütləviləşmiş, əhalinin güzəranı ağırlaşmışdı”.  
Sözünə davam edən iş adamı həmin təlatümlü günlərdə Ulu Öndər Heydər Əliyevin milli xilaskar kimi respublika rəhbərliyinə qayıdışını sevinc hissi ilə xatırlatdı. Bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyilə Naxçıvandan Bakıya qayıtması və parlamentin sədri seçilməsi dövlətimizi, eləcə də xalqımızı böyük təhlükələrdən hifz etdi: "Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil iqtisadi inkişaf kursunu müəyyənləşdirdi. Onun "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarı ölkəmizin iqtisadi inkişafının konseptual ana hədəfinə çevrildi”. 
Musa Mirzəyev söhbət əsnasında sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliği, gələcək nəsillərə çatdırılması ilə bağlı tədbirlərə diqqət çəkdi. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü il 21 yanvar tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” imzaladığı sərəncamını da yüksək dəyərləndirdi. Qeyd etdi ki, həmin sərəncamın imzalanması Ümummilli Liderin dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə bir daha nəzər salınması baxımından dəyərli sənəddir. 
İş adamı ölkədə möhkəm iqtisadi sabitliyin, azad bazar iqtisadiyyatı quruculuğu prinsiplərinin təmin olunmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini də qürur və fəxrarətlə qeyd etdi: "Məhz Heydər Əliyevin böyük strateqin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi” nimzalandı, bu möhtəşəm tarixi sənəd ölkəmizin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verdi. "Əsrin müqaviləsi»nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü dayanıqlı sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır”. 
Musa Mirzəyev xatırlatdı ki, 1994-cü ildən başlayaraq azad bazar iqtisadiyyatının formalaşdırılması məqsədilə hüquqi baza yaradılıb, məqsədli dövlət proqramları qəbul edilib, iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirilib. Azərbaycanda sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilib, 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya bazar iqtisadiyyatı quruculuğu üçün mükəmməl hüquqi baza formalaşdırıb: "Konstitusiyada bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşdırılması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar əksini tapıb. Eyni zamanda, müstəqil ölkəmizin ilk Konstitusiyası iqtisadi islahatların həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və qorunması, azad sahibkarlıq üçün geniş şəraitin yaradılması, sahibkarların mənafelərinin qorunması, xüsusi mülkiyyətin inkişafının təmin edilməsi, yerli biznesin Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradıb. 
"Təmirmaş” ASC-nin sədri onu da bildirdi ki, həmin dövrdə gerçəkləşən strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olub: "Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına imkan verdi. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən Ümummilli Liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Heydər Əliyevin 1994-cü il 15 iyun tarixli «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında» və 1994-cü il 24 oktyabr tarixli «Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamları bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət etdi”.
M.Mirzəyev Azərbaycanda postsovet məkanında ilk olaraq torpaqarın özələşdirilməsi istiqamətində uğurlu addımların atıldığını, Ulu Öndər Heydər Əliyevin bu sahədə əzmkar əməyinin olduğunu xüsusi vurğuladı: "Fəxrlə deyə bilərik ki, Azərbaycanda aqrar islahatların müəllifi də Ulu Öndər Heydər Əliyevdir. Məhz onun cəsarətli və müdrik qərarları sayəsində bu sahədə islahatlara başlamaq mümkün oldu. İlk növbədə, müvafiq normativ-hüquqi baza yaradıldı. "Aqrar islahatın əsasları haqqında”, "Sovxoz və kolxozların islahatı haqqında”, "Torpaq islahatı haqqında” qanunlar qəbul edildi. 10 yanvar 1997-ci il tarixli "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” fərman əsasında respublikada analoqu olmayan aqrar islahatlara start verildi. MDB respublikaları ilə müqayisədə çox qısa vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı pulsuz olaraq kəndlilərə paylanıldı. 
Ölkədə reallaşdırılan torpaq islahatlarının digər üstün cəhəti ondadır ki, başqa ölkələrdən fərqli olaraq torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi dövlətin hesabına aparıldı, bu proses qısa müddətdə başa çatdırıldı. Beləliklə, Bununla da bazar iqtisadiyyatının əsas atributlarından olan torpaq üzərində xüsusi mülkiyyət hüququnun təmin edilməsi Azərbaycanda sahibkarlıq təbəqəsini formalaşdırdı.
Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə bilirdi ki, dövlət əmlakı özəlləşdirilmədən bazar iqtisadiyyatı prinsiplərini tətbiq etmək, sahibkarlığı inkişaf etdirmək mümkün deyil. Məhz bu səbəbdən də 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramı qəbul olundu və mərhələlərlə icra edildi”. 
Tanınmış iş adamı Musa Mirzəyev sahibkarlığın inkişafında dövlətin maliyyə dəstəyi tədbirlərinin əhəmiyyətindən danışaraq 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq fərmanı ilə yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, fondun yaradılması sayəsində sahibkarlıq subyektlərinin investisiya layihələrinin dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilməsi mexanizmlərini formalaşdırıdı. Ulu öndərin sahibkarlarla birbaşa görüşlərini xoş bir xatirə kimi gözlərinin önündə canlandırır: "2002-ci il aprelin 15-də Prezident Sarayında yerli sahibkarlarla Ulu Öndərin görüş keçirdi və qeyd etdi ki, aparılan siyasət, islahatlar ölkədə sahibkarlar təbəqəsinin yaranmasını təmin etmişdir. Onun bu görüşlərinin nəticəsi olaraq 2002-ci ildən sonra biznesin fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl və prinsipial tədbirlər həyata keçirildi, bürokratik əngəllərin qarşısının alınmasını təmin edən radikal adddımlar dı, qanunvericilik aktları təkmilləşdirildi. Regionlarda biznesin istehsal, emal, tədarük və satış imkanlarını təmin etmək yeni infrastruktur yaradılmış, nəqliyyat-logistika xidmətləri ilə təminat yaxşılaşdırıldı. Xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayı kəskin surətdə azaldıldı, lisenziyaların müddəti uzadıldı, lisenziyaların verilməsi ilə bağlı dövlət orqanları tərəfindən sui-istifadə hallarının qarşısı alındı. Ölkədə azad biznesin inkişafına təkan verən vergi, fiskal, gömrük siyasəti təkmilləşdirildi, biznes mühitinin yaxşılaşdı. Ulu öndər Heydər Əliyevi sahibkarların böyük himayədarı kimi daim ehtiramla anırıq”. 
M.Mirzəyev Heydər Əliyevin sosial-iqtisadi strategiyasının gerçəkləşdirilməsi sayəsində əldə olunan misilsiz uğurları xatırladaraq 1995-2003-cü illəri bərpa və dinamik inkişaf dövrü kimi xarakterizə etdi: "Həmin illərdə ümumi daxili məhsul 1,7 dəfə, büdcə gəlirləri 3,9 dəfə, valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə ardı, inflyasiya səviyyəsi 2-3 faizədək azaldı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuldu”.
İş adamı bildirdi ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu möhtəşəm inkişaf salnaməsi son 17 ildə onun layiqli siyasi varisi - Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "2003-cü ildən sonra ölkəmizin inkişafında yeni səhifə açılıb. Ötən 10 illər ərzində Azərbaycan sürətli iqtisadi tərəqqiyə çatıb, dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Ölkəmizin hər bir vətəndaşı layiqli və ləyaqətli sosial həyatla təmin olunub. Cənab Prezident fəaliyyətə başladığı ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində yorulmaq bilmədən, inamla çalışır, hər bir vətəndaşın rəhbəri olmaq üçün diqqət və qayğısını əsirgəmir”.
Musa Mirzəyev sonra onu da vurğuladı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin liberallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sahibkarların fəaliyyətinə yeni imkanlar açır: "Məhz Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmizdə azad biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması istiqamətində mühüm uğurlara nail olunub. Hər bir sahibkar son 10 ildə əldə olunan bütün uğurları, tətbiq olunan yenilikləri qürurla qarşılayır və alqışlayır. Bu imkan və fürsətlər hər bir sahibkar kimi məndə də böyük ruh yüksəkliyi yaradır. Çalışacağam ki, bundan sonra da ölkəmizin inkişafı üçün daha böyük əmək sərf edim, yeni təşəbbüs və planlarla iqtisadi uğurlarımıza töhfə verim”.
Nərmin
Qaynarinfo.Az