Məlahət İbrahimqızı: “Əli Kərimli, İsa Qəmbər əmindir ki, onların məğlubiyyəti yüzdə yüzdür”
“Möhtərəm prezidentimizin heç bir alternativi yoxdur. Digər namizədlər sadəcə olaraq rəqibdirlər. İstər güclü, istər gücsüz olsun, hər hansı məqsəd uğrunda mübarizə aparan tərəflərə rəqib deyirlər. Rəqib ayrı, alternativ ayrı şeydir. Alternativ möhtərəm prezidentimiz səviyyədə addımlaya biləcək şəxs olmalıdır”.
Qaynar.info-nun məlumatına görə, bunu “Gündəlik Teleqraf” qəzetinə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, Milli Şurada olanlar, sadəcə olaraq, prezident seçkilərində iştirak etmək istəyirlər: “Çox təəssüf ki, onların bir çoxunun, o cümlədən Milli Şurada olanların siyasətdən xəbəri yoxdur. Siyasət asan məsələ deyil, siyasət sənətdir. Sənətin elmi tərəfi, nəzəriyyə və praktikası var. Biz siyasətə elə-belə baxa bilmərik. Rüstəm İbrahimbəyov 75 yaşınadək ancaq incəsənətlə, mədəniyyətlə məşğul olub. Moskva, Fransa, ABŞ-dakı kino festivallarında olub, bu adam siyasətdən tam kənardır. Onun siyasətçi olmaması Milli Şuradakılar üçün problemdir. Bunun bizə dəxli yoxdur. Nə qədər qurum yaradırlar yaratsınlar, onun keyfiyyətə təsiri olmur. R. İbrahimbəyov böyük ssenarist, rejissor, sənətkar ola bilər. Biz onun sənətini tənqid etmirik. 75 yaşı var, hələ Rusiya vətəndaşlığından çıxma prosedurunu bilmir. Prezidentliyə namizədliyini vermək fikrində idisə, bütün texniki məsələləri həll etməli idi. Deyir ki, vətəndaşlıq məsələsinə avqustun 15-dən sonra baxılacaq, nə bilim peşəkar hüquqşünas dəstəmiz var, görək Putin nə deyəcək, görək ABŞ-dakı dostlarımız nə deyəcək. Bu göstərir ki, Milli Şuraya yığışanlar, bir qrup radikal müxalifət Azərbaycanın milli maraqlarından tam uzaqda olan adamlardır. Siyasətdə ibtidai sinifdə oxuyurlar. “Bəxtiyar” kinosunda deyir ki, konsert olacaq, soruşur hanı bəs artistlər? Cavabda deyilir ki, Ağabala, gələcək, vallah, gələcək. Hələ də deyirlər ki, gələcək. Əli Kərimli, İsa Qəmbər əmindir ki, onların məğlubiyyəti yüzdə yüzdür. Onların heç biri YAP-ın namizədinin alternativi ola bilməz. Yaxşı olardı ki, özlərinə yeni peşə seçsinlər”.