
Müxalif Milli Şuranın 3 may sessiyasında yeni üzvlərin qəbulunun əleyhinə çıxan Klassik Xalq Cəbhəsi Partiyasının qurumu tərk etdiyi xəbərləri dolaşır.
Şura sədri Cəmil Həsənli mayın 5-də “Media forum” saytına deyib ki, Klassik Xalq Cəbhəsi Partiyası qurumda fəaliyyətini davam etdirir: “KXCP-nin Milli Şuradan çıxmaq məsələsi olmayıb. Partiyanın öncül şəxsləri Milli Şuranın elə 3 may sessiyasının gedişində bəyan etdilər ki, qurumda qalırlar.
Biz qərara gəldik ki, Milli Şuranın sonuncu sessiyasında baş verən narazılıq barədə əlavə müzakirələr olmasın. Sadəcə olaraq deyə bilərəm ki, 3 may iclasında Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuraya qəbul məsələsinin gündəliyə salınmasının əleyhinə çıxdı”.
Cəmil Həsənlinin sözlərinə görə, növbəti sessiyada bu məsələ gündəliyə salınacaq: “Təşkilata yeni üzvlər mütləq qəbul olunmalıdır. Buna bir sədd qoymaq olmaz. Hər bir təşkilatda gələn də olmalıdır, gedən də. Burda qeyri- adi nəsə yoxdur”.
Qaynar.info