Rüstəm İbrahimbəyov bundan sonra toplantılarının “Vera Palace”də keçiriləcəyini bildirib.
Tiflisin “Vera Palace” otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Görüşdə Milli Şuranın 16 üzvü iştirak edir. İştirakçılar arasında Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də var. APA-nın məlumatına görə, görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşdən sonra mətbuata açıqlama veriləcəyini bildirib. Görüşdə Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcəyi gözlənilir. Sabah eyni tərkibdə daha bir görüşün keçiriləcəyi gözlənilir.
Müsavat başqanı İsa Qəmbər toplantının ilk 20 dəqiqəsində iştirak etməyib. O yalnız toplantı başladıqdan 20 dəqiqə sonra iclas keçirilən zala daxil olub. İsa Qəmbərin görüşün ilk hissəsinə qatılmamasının səbəbi məlum deyil.
Toplantının təxminən bir saat davam edəcəyi, daha sonra müzakirə olunan məsələlər barədə jurnalistlərə açıqlama veriləcəyi bildirirlib.
Tiflisdəki mənbələr Rüstəm İbrahimbəyovun bundan sonrakı görüşlərinin, xüsusilə Milli Şuranın mühacirətdə olan üzvləri ilə toplantılarının da “Vera Palace”da keçiriləcəyini bildiriblər.
19:46
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov Tiflisdə iclasın keçiriləcəyi otelə gəlib.
Modern.az bildirir ki, bu barədə AXCP-nin mətbuat katibi Natiq Adilov məlumat verib. Tiflisə Moskvadan təyyarə ilə gələn R.İbrahimbəyov birbaşa otelə gəlib.
Hazırda Milli Şuranın iclasının keçirilməsinə hazırlıq gedir.
Qeyd edək ki, nümayəndə heyətinə Milli Şura İcra Aparatın rəhbəri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, Milli Şuranın komissiya sədrləri Eldar Əliyev, Vidadi Mirkamal, Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Liberal Partiyasının nümayəndəsi Eldar Muradov, seçki qərargahının üzvü Köçəri Nağıbəyli daxildir.
Artıq Milli Şuranın iclası başlayıb... Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Görüşdən sonra mətbuata açıqlama veriləcək. Toplantıda Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcək.
Qaynar.info















