17 yaşadək futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak etdi. Turnirin qrup mərhələsində Belarusun U-18 (0:2), Rusiyanın U-17 (0:1) və Özbəkistanın U-18 (0:2) komandalarına məğlub olan yığma yeddinci yer uğrunda Tacikistanla oyunda da uğursuluq yaşadı (1:3).
Turnirdə bir qələbə qazana bilməyən millinin baş məşqçisi İlham Yadullayev turnirlə bağlı təəssüratlarını Qaynarinfo-ya bölüşüb, çatışmazlıqları göstərib:
"Ümumilikdə yaxşı idi, "İnkişaf turniri” sayılırdı. Sırf MDB dövlətləri oynayırdı. İki qrup üzrə keçirildi. Bizim qrupda Belarusun U-18, Özbəkistanın və Rusiyanın U-17 milliləri var idi. Açılış oyununu Belarusa qarşı keçirdik. Məşqçilərimizin, heyətimizin yığılıb getdiyi ilk beynəlxalq turnirimiz idi. Böyük təcrübə qazandıq. Üç gün Bakıda təlim-məşq toplanısı keçdikdən sonra Minskə yollandıq. Bu müddətdə uşaqlara taktikanı, sistemi başa salmağa çalışdıq. Deyərdim ki, qısa müddətdə bacardılar. Sadəcə, fiziki cəhətdən çox ağır idi. Dörd oyunun hamısını fiziki cəhətdən uduzduq. Rəqiblər, xüsusən də Rusiya və Ukrayna yığmalarının üzvləri bizimkilərdən hündür idi. Amma uşaqlar meydançada canlarını qoydular. Döyüşkənlik görünürdü. Uduzsaq da, oyun sistemini mənimsətməyə çalışdıq. Qolları əsasən standart vəziyyətlərdə, cərimə zərbələrindən sonra buraxırdıq. Yalnız son oyunda taciklərlə düşdük. Üstün tərəf biz olsaq da, qapımıza penalti təyin edildi. Sonradan hesabı bərbaərləşdirməyimizə baxmayaraq, elə qollar buraxdıq ki… Səkkiz gün ərzində dörd oyun keçirdik. Çalışırdıq ki, bütün oyunçularımıza şans verək. Hətta qapıçımızı da bir oyundan sonra dəyişdik. Uşaqlar birgündənbir oynamağa alışmayıblar. İkinci oyundan sonra bu artıq özünü büruzə verirdi. Oyunların hər hissəsi 40 dəqiqə idi”.
Mütəxəssis milliyə başqa ölkələrdən dəvət edilən futbolçuların performansını da qiymətləndirib:
"Milliyə yeni uşaqlar dəvət etmişdik. Maydakı təlim-məşq toplanışında olan futbolçulardan cəmi iki-üç nəfəri qalmışdı. Bundan əvvəl seleksiya məşqləri keçirdik, 56 uşaq dəvət etdik, aralarından ən yaxşılarını seçdik. Xarici dövlətdə oynayan azərbaycanlıları da dəvət etmişdik. Almaniya və İsveçdən bir, Rusiyadan iki futbolçu gəlmişdi. İlk dəfə idi milliyə dəvət almışdılar. Tapşırıqlarımızı düzgün yerinə yetirməyə çalışdılar. Xaricdən gələnlərdən çox şey gözləsəm də, özlərini göstərə bilmirdilər. Səbəblər uşaqları tanımamaq, uyğunlaşma problemi ola bilər. Futbolçu kimi perspektivləri görünür. Sadəcə, potensiallarını açmaq söhbəti var. Bu yaşda onlar üçün hər şey yenilikdir. İstəklərini gördüm, gələcəkdə kiminlə davam edəcəyimizi oyunların analizindən sonra müəyyənləşdirəcəyəm. İstənilən halda hamısı daimi nəzarətimiz altında olacaq”.
Yadullayev millimizi digər rəqiblərlə müqayisə edib:
"Belarus millisi bir yaş böyük idi. Onlar Türkiyə, Şotlandiya, Qazaxıstanla eyni qrupda yer alıb və elit-raundda iştirak ediblər. Yaxşı, ucaboy uşaqlara malik komandadır. Həm də beynəlxalq turnirin çempionu oldular. Bizimkilər yaxşı oynasa da, fiziki cəhətdən çatışmazlıqlar vardı. Standart vəziyyətlərdə rəqiblərdən geridə qalırdıq. Rusiyanın U-17 millisi ilə oyunun birinci hissəsində yığmamız rəqibdən çəkinirdi. İkinci hissə isə bizim üstünlüyümüzlə keçdi. Heç-heçə də bitirə bilərdik. Uşaqlar ikinci hissədə çox xoşuma gəldi. Özbəklərin U-17 yığması səhv etmirəmsə, dünya çempionatında oynamışdı. Hətta İngiltərəni 1:0 hesabı ilə məğlub etmişdilər. Həmin heyətdən bir neçə uşaq var idi. Yaxşı komandadır, inkişafdadır. Yalnız taciklərlə oyuna görə məyus olduq. Birmənalı şəkildə qələbə qazanacağımız oyun idi. Onları mütləq şəkildə məğlub etməli olduğumuzu düşünürdük. Amma elə qollar buraxdıq ki, irəli atılmalı olduq. Əks-hücumda bizi tutdular. Onları məğlub etməyə qadir və borclu idik. Ancaq alınmadı. Bir məşqçi kimi bizim də günahımız var. Bəlkə fərqli taktika seçsəydik, nəticə yaxşı olardı”.
Millimizin baş məşqçisi, qarşıdakı planlar haqda bunları deyib:
"Martın səkkizində seçmə mərhələ oyunlarının püşkatması olacaq. Səhv etmirəmsə, yarış sentyabr-oktyabr aylarında keçiriləcək. Deyilənə görə, yarışın formatı da dəyişib, Millətlər Liqası olacaq. İlk hədəfimiz qrup mərhələsində qarşılaşacağımız rəqiblərə uyğun oyun qurmaqdır. Seçimlərimizi düz etməliyik. Əsasən Azərbaycan çempionatına, bununla yanaşı, xarici ölkələrdə oynayan uşaqların çıxışına da diqqət yetirəcəyik. Komanda hələ tam formalaşmayıb. Ümid edirəm ki, beynəlxalq yarışlara qədər təlim-məşq toplanışlarımız olacaq. Planımda var ki, dörd-beş təlim-məşq toplanışı keçək. Belə turnirlər zamanı hər şey göz qabağında olur. Uşaqları bir yerə yığıb daim formada saxlamağa çalışacağıq”.
Səbuhi Həsənov
Şərhlər