XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Milyarderlər sığınacağı": Dünyanın ən varlı məhəlləsində kimlər yaşayır?
Dünya17:26 26.08.2026

"Milyarderlər sığınacağı": Dünyanın ən varlı məhəlləsində kimlər yaşayır?

Indian Creek Islandın dəbdəbəli və məxfi yaşayış məkanları dünyanın ən varlı və məşhur insanlarını cəlb edir.

Qaynarinfo xəbər verir ki, Mayaminin Biskeyn körfəzində yerləşən və cəmi 40-a yaxın yaşayış sahəsinin olduğu Indian Creek Island dünyanın ən eksklüziv və ciddi mühafizə olunan yaşayış məskənlərindən biridir.

İctimaiyyət arasında “Milyarderlər sığınacağı” adlandırılan bu süni ada ultra varlı biznesmenlərin, idman əfsanələrinin və məşhurların ən çox üstünlük verdiyi məkanlardan biridir. Bu elit və gözdən uzaq icmaya son olaraq “Meta” şirkətinin baş direktoru Mark Zukerberq 170 milyon dollarlıq rekord alışla qoşulub.

Indian Creekin məşhur sakinləri və daşınmaz əmlak yatırımları

Ada sakinləri təhlükəsizlik və məxfilik imkanları təqdim edən mülklərə on milyonlarla dollar sərmayə yatırırlar. Ən diqqətçəkən adlardan bəziləri və onların daşınmaz əmlak xərcləri belədir:

Mark Zukerberq (“Meta” şirkətinin təsisçisi və baş direktoru)

Mark Zukerberq 2026-cı ilin əvvəlində Mayami-Deyd bölgəsində daşınmaz əmlak üzrə rekord müəyyənləşdirərək “Milyarderlər sığınacağı”na köçüb. Təxminən 8 min kvadratmetrlik ərazidə yerləşən nəhəng malikanədə gizli keçidləri olan ikimərtəbəli kitabxana, xüsusi caz salonu, mətbəxlə yemək zalını ayıran nəhəng akvarium və Himalay duzundan hazırlanmış divarları olan özəl spa var.

Ceff Bezos (“Amazon”un təsisçisi)

Dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos adadakı ilk mülkünü 68 milyon dollara, daha sonra isə onun yanındakı ərazini 79 milyon dollara alıb. Son olaraq 90 milyon dollarlıq üçüncü malikanəni də portfelinə əlavə edərək adadakı mövqeyini gücləndirib. Zukerberqin yeni malikanəsi Bezosun evindən cəmi bir neçə ev məsafəsində yerləşir.

Devid Getta (dünyaca məşhur DJ və prodüser)

Musiqi dünyasının məşhur siması adadakı ultra dəbdəbəli malikanələrdən birini alaraq milyarder qonşularının sırasına qoşulub.

İvanka Tramp və Cared Kuşner

Donald Trampın qızı və kürəkəni məşhur müğənni Xulio İqlesiasa məxsus boş torpaq sahəsini alaraq burada öz dəbdəbəli malikanələrini inşa etdiriblər.

Tom Breydi (NFL əfsanəsi)

Amerika futbolunun əfsanəsi keçmiş həyat yoldaşı Jizel Bündhenlə birlikdə adada 17 milyon dollara aldığı torpaq sahəsində TB12 konsepsiyasına uyğun müasir “eko-malikanə” inşa etdirib.

Xulio İqlesias (əfsanəvi ispan müğənni)

Adanın ən qədim və ən böyük torpaq sahiblərindən biri olan İqlesias vaxtaşırı adadakı torpaqlarının bir hissəsini digər məşhur şəxslərə satması ilə də tanınır.

Karl Aykan (əfsanəvi investor və milyarder)

Milyarder Karl Aykanın adadakı yatırımlarının 50 milyon dollar olduğu təxmin edilir.

Indian Creek Islandı bu qədər xüsusi edən nədir?

Indian Creek təkcə yüksək daşınmaz əmlak qiymətləri ilə deyil, təqdim etdiyi yaşayış səviyyəsi və unikal təhlükəsizlik tədbirləri ilə də seçilir. Cəmi 40-a yaxın yaşayış sahəsinin olduğu adanın öz müstəqil polis departamenti fəaliyyət göstərir. Bundan əlavə, adanın ətrafı dənizdən icazəsiz yaxınlaşmaların qarşısını almaq üçün sutka boyu silahlı patrul qayıqları tərəfindən qorunur.

Adaya qurudan yalnız bir körpü vasitəsilə daxil olmaq mümkündür. Ciddi təhlükəsizlik yoxlamasından keçməyən ziyarətçilərin və media nümayəndələrinin adaya daxil olmasına icazə verilmir.

Adanın mərkəzində yalnız sakinlərin və onların xüsusi dəvətlilərinin istifadə edə bildiyi dünya standartlarına uyğun 18 dəlikli böyük qolf meydançası yerləşir.

Indian Creek Mayami-Deyd bölgəsində müstəqil “kənd” (village) statusuna malikdir. Ada öz meri və idarəetmə orqanları tərəfindən tamamilə müstəqil şəkildə idarə olunur.

Aydın