FSB vətənə xəyanətdə şübhəli bilinən təyyarə zavodunun top-menecerinin saxlanması barədə məlumat yayıb. Təhlükəsizlik xidmətinin məlumatına görə, o, hərbi texnikanın təfərrüatları olan gizli çertyojları çəkərək Odessa Aviasiya Zavodunun əməkdaşına təhvil verib. Onu 20 ilə qədər həbs gözləyir.
Qaynarinfo xəbər verir ki, "Dojd”un məlumatına görə, bu gün FSB tərəfindən həbs olunduğu barədə məlumat yayılan şəxs 1961-ci il təvəllüdlü Mixail
Baranovdur.
Bu adda bir şəxsin dövlətə xəyanətdə şübhəli bilinərək həbs edilməsi barədə cümə günü, sentyabrın 9-da mətbuatda məlumat yayılıb. BBC Rus Xidmətinin məlumatına görə, 2019-cu ildə Baranov Rusiyanın MiQ Aviasiya Korporasiyasında işləyib.
"Müəyyən edilib ki, aviasiya zavodunun keyfiyyət direktoru vəzifəsində işləyərkən "tam məxfi” qeyd olunan texniki sənədlərə çıxışı olan Moskva vilayətinin sakini mobil telefondan istifadə edərək hərbi aviasiya texnikasının detallarının çertyojlarının fraqmentlərini çəkib, bundan sonra o, göstərilən məlumatları elektron rabitə kanalları vasitəsilə Ukrayna vətəndaşına - Odessa Aviasiya Zavodunun əməkdaşına ötürüb", - FSB-dən bildirilib