"EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İsgəndəriyyədən Qahirəyə uçuş həyata keçirərkən naməlum şəxslər tərəfindən ələ keçirilib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat verib.
"Reuters"in xəbərinə görə, naməlum şəxslər tərəfindən qaçırılmış təyyarə artıq Kiprdə Larnaka hava limanında yerə enib.
Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb. "AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.
"Associated Press" isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb. "El Balyad" xəbər portalının məlumatına görə, "EgyptAir" aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib.
AFP xəbər verir ki, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var. İlkin məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşır.
* * *
"EgyptAir" aviaşirkətinə məxsus qaçırılmış təyyarənin yerli sərnişinləri azad edilib. Təyyarənin göyərtəsində yalnız ekipaj üzvləri və daha 4 əcnəbi vətəndaş qalıb. Azad olunan sərnişinlər artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb.
Daha əvvəl təyyarəni qaçıran naməlum şəxslərin 50 qadın və uşağa layneri tərk etmək imkanı yaradacağı bildirilirdi. "Əl Ərəbiyyə" telekanalının məlumatına görə, təyyarəni qaçıran şəxs yalnız Misir vətəndaşı olan sərnişinlərə layneri tərk etməyə icazə verib.
* * *
Kiprdə qaçırılmış EgyptAir aviaşirkətinin A-320 təyyarəsinin göyərtəsində iki nəfər qalmaqdadır. Bunlar pilot və təyyarəni qaçıran, Atlanta universitetinin professoru, misirli İbrahim Samahadır.
Bildirilir ki, İbrahim Samaha Kiprin Larnaka şəhərində yaşayan keçmiş həyat yoldaşı Marina Parasxu ilə görüşmək istədiyini bildirib. Polis artıq qadının yerini müəyyən edib və o, bu dəqiqələrdə hava limanına çatdırılır.
* * *
Misir təyyarəsini qaçıran şəxs təslim olub. Misir vətəndaşı olan Səif əl-Din Mustafanın danışıqlardan sonra Kipr hüquq-mühafizə orqanlarına təslim olduğu bildirilir. Onun üzərində partlayıcı olmayıb.