“Hakimiyyət-oğru dəstənin başçısı seçkiləri saxtalaşdırıb. O da təbiidir ki, ikinci yeri tutan da qalib olmayıb. Həmin şəxs də elə o dəstənin üzvüdür. Onlar hamısı eyni mahnını çalırlar”.
Bunu Qaynar.info-ya Ermənistanda baş verənləri şərh edən siyasi ekspert Zərdüşt Əlizadə deyib. Z.Əlizadənin sözlərinə görə, indi hakimiyyət kimin əlindədirsə, o da özünün haqlı olduğunu sübut edir: “Konstitusiya Məhkəməsi Serj Sarkisyanın prezidentliyini təsdiqləyib. Raffi də özünün prezidentliyini elan etmək istəyir, edəcək də. Buradan sual yaranır ki, Sarkisyan 2008-ci ildə olduğu kimi müxalifətin mitinqini dağıdacaq, ya yox? Məncə, dağıtmayacaq, çünki Ermənistan Qərbdən bir milyard dollar pul istəyib. Bu pulu Rusiyadan istədi vermədilər. Qərb isə deyib ki, özünüzü yaxşı aparsanız, məbləği verəcəyik. Ona görə də qan töksələr, deyəcəklər ki, özünüzü yaxşı aparmadınız, pul vermirik. Çalışırlar ki, məsələni başqa cür həll etsinlər, Raffiyə, onun tərəfdarlarına vəzifə versinlər, bununla da məsələ bitsin. Quldur, cani hakimiyyətin mahiyyəti bu hakimiyyətin başında kimin durmasından asılı olmayaraq eynidir”.
Siyasi ekspert Ermənistanda inqilabın olmayacağı qənaətindədir: “İnqilab elita dəyişən zaman olur. Elita dəyişmir axı. Hamısı deyirlər ki, Qərbə, Rusiyaya qurban, Qarbağ bizimdir, ermənilər hamıdan yaxşıdır filan. Bu, eyni şeylərdir axı. Orada 100% inqilab olmayacaq”.
Z.Əlizadə hesab edir ki, Ermənistanda baş verənlərin Azərbaycana təsiri olmayacaq.
Qeyd edək ki, bu gün İrəvanda Ermənistanın yenidən seçilmiş prezidenti Serj Sarkisyanın inauqurasiya mərasimi keçiriləcək. 59 yaşlı Serj Sarkisyan bu gündən növbəti 5 il müddətinə Ermənistana rəhbərlik edəcək. Rəsmi məlumatlara görə, fevralın 18-də keçirilən seçkilərdə o səslərin 58,64 faizini qazanıb. Müxalifətçi deputatlar Serj Sarkisyanın andiçmə mərasiminə qatılmayacaqlar. Onun əsas rəqibi - keçmiş ABŞ vətəndaşı, müstəqil Ermənistanın ilk xarici işlər naziri Raffi Ovannisyan bəyan edib ki, prezident o seçilib və Azadlıq meydanında dövlət başçısı kimi and içmək niyyətindədir.