Rusiya Ukraynanın Bayraktar TV2 pilotsuz təyyarələrini Türkiyədən almasına verdiyi reaksiya ilə sübut etdi ki, bu iki ölkənin yaxınlaşmasının qarşısını ala bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu sözləri ukraynalı hərbi analitik, Ordunun Beynəlxalq Araşdırmalar, Konversiya və Silahsızlaşdırma Tədqiqatları Mərkəzinin direktor müavini Mixail Samus, "Qlavred” veb saytındakı materialında qeyd edib.
Onun fikrincə, Türkiyə son zamanlarda Kiyev üçün əsas hərbi-texniki tərəfdaş olub, bu, hər iki ölkə üçün faydalıdır və eyni zamanda Ukraynanı Rusiya təcavüzünə qarşı durmaq baxımından gücləndirir.
Samus Türkiyənin Ukraynanın Krımla bağlı mövqeyini dəstəklədiyini də xatırladıb. Bundan əlavə, Türkiyə Ukrayna donanması üçün dörd hərbi gəmi istehsalına başlayıb. Rusiya bu əməkdaşlığa müdaxilə edə bilməz. Artıq Rusiya iki ölkə arasında uçuşları qadağan edərək ilk addımını atıb.
"Ancaq bundan əlavə heç bir şey ola bilməz, çünki əslində Rusiyanın hərbi baxımdan Türkiyə üzərində başqa ciddi bir təsir vasitələri yoxdur", - analitik vurğulayıb.
Rusiya da Qərb ölkələri vasitəsi ilə Türkiyəyə təsir edə bilməz, çünki özü Qərbdən daha çox asılıdır, nəinki onlar Rusiyadan. Rusiya Türkiyəyə hər hansı bir şəkildə zərər vermək istəsəydi, bunu onsuz da etmiş olardı. Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyəyə satmaqdan imtina edə bilər, lakin Ankara daha çox gələcəkdəki qarşıdurma məqamında Rusiya texnologiyalarını öyrənmək baxımından onları əldə etmiş ola bilər. "Bu bir təsadüfdür, ya yox, amma Dağlıq Qarabağ münaqişəsi zamanı Türk "Bayraktar”ları Rusiyanın zenit sistemlərini faktiki olaraq məhv etdilər", - Samus deyib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya Baş nazirinin müavini Yuri Borisov Ankaranın "Bayraktar” pilotsuz təyyarələrini Ukraynaya satmağa davam edəcəyi halda Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığa yenidən baxılacağını istisna etmədiyini bəyan edib.
Alpər