MKİ müharibədən narazı olan rusiyaları cəsusluğa cəlb etmək üçün axtarış aparır.
Qaynarinfo xəbər verir ki, "The Wall Street Journal” MKİ-nin əməliyyatlar üzrə direktor müavini Devid Marlounun çıxışından sitat
gətirib.
"Biz bütün dünyada bizim kimi müharibədən iyrənən rusiyalıları axtarırıq. Biz biznes üçün açığıq”, - Marlou deyib. Onun sözlərinə görə, MKİ hərbi vəzifəli şəxsləri, oliqarxları, rəhbərləri cəlb etməyə çalışır.
Marlou hesab edir ki, Ukraynadakı müharibə Vladimir Putin üçün əsl fəlakətdir və Mərkəzi Kəşfiyyat İdarəsinin narazı rusiyalıları işə cəlb etməyə yol açıb. Onun sözlərinə görə, Rusiya prezidenti NATO və Ukraynaya təsir imkanlarını əldən verib.
Qəzet qeyd edir ki, Marlou nadir hallarda ictimaiyyət qarşısında çıxış edir. O, keçən həftə Virciniyadakı Corc Meyson Universitetində çıxış edib. 2021-ci ilin ortalarında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Marlounu özünə müavin təyin edib. Agent ərəb dilini bilir və Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq də daxil olmaqla bir neçə dəfə xarici ofislərinə rəhbərlik edib.
Nəşr qeyd edir ki, Marlou adətən MKİ-nin keçmiş yüksək rütbəli agentlərinin fikirlərini təkrarlayır. Ukraynadakı müharibədən narazılıq kəşfiyyat xidmətlərinə Rusiyada agentlər cəlb etmək üçün yaxşı zəmin yaradır.
Xatırladaq ki, bundan əvvəl "The Washington Post” FTB-nin Rusiyanın Vaşinqtondakı səfirliyinin əməkdaşlarını əməkdaşlığa inandırmaq üçün Facebook və Twitter-də rusdilli reklamlardan istifadə etdiyini yazıb. Reklamda FTB əks-kəşfiyyat proqramının səhifəsinə keçid təklif olunur. Orada potensial məlumat ötürmək istəyənlərə xüsusi xidmət orqanlarının ofisinə şəxsən baş çəkmək təklif olunur.
Nizami Bağırov