ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsindən narazı qalan rusları darknet vasitəsilə idarə ilə əlaqəyə keçməyə çağırıb.
Qaynarinfo "Euractiv” saytına istinadən xəbər verir ki, bu barədə idarənin sosial media platformalarında
məlumat verilib.
Kəşfiyyat idarəsi xüsusi vasitələrlə girilən və yüksək gizliliyi olan darknetdə (qaranlıq veb) mövcudluğu haqqında məlumat yayıb. Təşkilatın darknet saytına ancaq şifrələmə xüsusiyyətləri olan tor brouzerləri vasitəsilə daxil olmaq olur.
Kəşfiyyat idarəsinin sosial media platformalarında ingilis və rus dillərində darknet saytına daxil olmağın qaydaları yerləşdirilib. İdarə ümid edir ki, xaricdə yaşayan ruslar indi Rusiyada əlaqələri olan adamlar vasitəsilə məlumatı əldə edə bilərlər.
Rusiyadakı vəziyyət və Kreml haqqında məlumat əldə etməyə çalışan kəşfiyyat idarəsi bunun üçün insanlar axtarışındadır.
"Qlobal missiyamız insanların dünyanın hər yerindən bizimlə təhlükəsiz əlaqə qurmasını tələb edir”, deyə idarənin açıqlamasında bildirilib.
İdarə rəsmisi mətbuata açıqlamasında bildirib ki, narazı ruslar var və onlarla mütləq şəkildə əlaqəyə keçmək üçün çalışırlar.
"Rusiyada amerikalılarla birbaşa fiziki və virtual əlaqə qurmaq təhlükəlidir. Bizimlə təhlükəsiz şəkildə əlaqəyə keçmək istəyən insanlar üçün onun yolu budur”, deyə idarə rəsmisi bildirib.
Qeyd edək ki, qaranlıq veb kəşfiyyat idarəsi tərəfindən 2019-cü ildə yaradılıb.
Nurlan
Şərhlər