ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns yanvar ayında Rusiya və Ukraynaya sülh planı təklif edib. Bu planın hərbi əməliyyatın dayandırılması müqabilində Ukrayna ərazisinin təxminən 20%-nin Rusiyaya verilməsini nəzərdə tutduğu iddia edilir. Moskva və Kiyev bu təklifi rədd edib. Ağ Ev mediada yayılan məlumatları yalan adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant İsvəçrənin Neue Zurcher Zeitung (NZZ) qəzetinə istinadən
yazır.
Nəşrin məlumatına görə, sülh planı ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə təqdim edilib və o, MKİ rəhbərinə müvafiq göstəriş verib. Yanvarda cənab Börns Moskvaya gizli səfər edib. "Washington Post” artıq yazıb ki, yanvarın ortalarında MKİ rəhbəri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə gizli görüş keçirib.
Lakin həm Kiyev, həm də Moskva bu təklifi rədd edib. NZZ-nin məlumatına görə, Ukrayna hakimiyyəti öz ərazilərinin bölünməsini istəmir, Rusiya hakimiyyəti isə "hər halda, uzunmüddətli perspektivdə müharibədə qalib gələcəklərinə” əmindir. Nəşr qeyd edir ki, sülh planı rədd edildikdən sonra Bayden ABŞ-ın "Abrams” tanklarının Kiyevə tədarükünə razılıq vermək qərarına gəlib.
Adı açıqlanmayan MKİ rəsmisi Newsweek-ə deyib ki, NZZ-nin iddiaları "tamamilə yalandır”. ABŞ Milli təhlükəsizlik şurasının sözçünün müavini Şon Devett nəşrə deyib ki, NZZ-nin məlumatı "dəqiq deyil”. Rusiya və Ukrayna rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.
Rəsmi olaraq Rusiya ilə Ukrayna arasında sülh danışıqları 2022-ci ilin mayında Kiyevin təşəbbüsü ilə dayandırılıb. 2022-ci il oktyabrın 4-də Ukrayna prezidenti Volodimir Zelenski Vladimir Putin prezident olduğu müddətdə Rusiya prezidenti ilə gələcək danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb. Rusiya XİN yanvar ayında Ukrayna ilə danışıqlar üçün ilkin şərtlər görmədiklərini bildirib.
Nizami Bağırov
Şərhlər