Xəbər lenti

Modi tələb etdi, Putin müharibəyə göndərilən hindliləri geri qaytarmağa razılaşdı
Dünya 18:23 09.07.2024

Modi tələb etdi, Putin müharibəyə göndərilən hindliləri geri qaytarmağa razılaşdı

Baş nazir Narendra Modinin tələbindən sonra Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəyə cəlb edilmiş bütün Hindistan vətəndaşlarını ordudan təxris edəcək.  

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələr NDTV-yə bildiriblər.

Onlar bildiriblər ki, Rusiyada iki günlük səfərdə olan Modinin Putinlə şam yeməyində məsələ qaldırıb. NDTV-nin həmsöhbətlərinin bildirdiyinə görə, Rusiya prezidenti Hindistanın baş nazirinin xahişini yerinə yetirəcəyini və Hindistan vətəndaşlarının vətənlərinə qayıtmasını asanlaşdıracağını vəd edib.

"Sizin öz ideyalarınız var, siz çox enerjili insansınız. Siz Hindistanın və Hindistan xalqının maraqlarına uyğun nəticələr əldə etməyin yollarını bilirsiniz”, deyə Putin Modi ilə Novo-Oqarevo iqamətgahında qeyri-rəsmi görüşü zamanı deyib.

Xatırladaq ki, Hindistan hakimiyyəti ilin əvvəlində Ukraynadakı müharibədə əsir düşən həmyerliləri ilə bağlı Moskva ilə əlaqə saxlayıb. "Hindistan Xarici İşlər Nazirliyi Rusiya Müdafiə Nazirliyindən hindlilərə müqavilələrin bitməsini gözləmədən ordunu tərk etmələrinə icazə verməsini xahiş edib", deyə "The Hindu" yazır.

Hindistan Xarici İşlər Nazirliyi hindlilərin aldadaraq Rusiya ordusuna qoşulduqlarını iddia edib. Hindistanda fəaliyyət göstərən işəgötürənlər ölkə vətəndaşlarına "Rusiyada yüksək maaşlı iş” təklif edir və gənclərə Rusiyanın özəl universitetlərinə qəbul olmaqda köməklik göstərəcəklərini vəd ediblər.

Martın əvvəlində Hindistanın Mərkəzi Təhqiqat Bürosu (CBI) bildirib ki, cəmi bir ay ərzində 35-ə yaxın Hindistan vətəndaşı saxta yolla Rusiya ordusuna cəlb edilib. Ümumilikdə onların sayı yüzdən çox ola bilər.

Müharibədə artıq iki nəfər ölüb, daha bir neçəsi ağır yaralanıb.
May ayında Hindistanda yerli əhalini Ukraynaya müharibəyə göndərmək üçün cəlb edən altı nəfərdən ibarət şəbəkə ifşa edilib. Müstəntiqlərin fikrincə, onlar bir neçə ştatda sosial şəbəkələr və yerli işə götürənlər vasitəsilə fəaliyyət göstəriblər.

Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, hindlilərin müharibədə iştirak etmək üçün aldadılması ilə bağlı hər bir hal Moskva ilə "güclü müzakirə olunur”. Hələ yazda xarici siyasət idarəsi bir neçə hindistanlı muzdlu əsgəri vətənlərinə qaytara bilib.

Hindistanın baş naziri Narendra Modi iyulun 8-də Rusiyaya iki günlük səfərə gəlib. 

"Biz ölkələrimiz arasında xüsusi və imtiyazlı strateji tərəfdaşlığın, xüsusən də əməkdaşlığın futuristik sahələrində daha da dərinləşdirilməsini səbirsizliklə gözləyirik”, deyə o, X sosial şəbəkəsində (keçmiş Twitter) rus dilində yazıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->