İdman 15:33 16.09.2022

Möhtəşəm qələbəyə baxış: “Görək Marselo Kadiyə, Zubirə qarşı necə oynayacaq”

"Qarabağ”ın "Nant” üzərində qələbəsi azərbaycanlı azarkeşlərə belə bir çətin zamanda təsəlli oldu desək yanılmarıq. Cəbhədə son baş verənlərə görə ürəyimiz qan ağlasa da Qarabağ adının beynəlxalq arenada uğurla təmsil olunması xalqımız üçün həm də başucalığıdır. Top-5 liqalardan birinin təmsilçisi üzərində "Qarabağ”ın qələbəsi möhtəşəm alındı. Çünki komandanın kağız üzərində favorit olan rəqibi bu şəkildə darmadağın edəcəyi bəlkə də sürpriz oldu. Elə millimizin sabiq baş məşqçisi Təbriz Həsənov üçün də bu hesab gözlənilməz olub.

Həsənov Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın oyununu qiymətləndirib, mənfi və müsbət cəhəttlərdən danışır:   

"Açığı, belə qələbə gözləmirdim. Oyunun çətin olacağını düşünürdüm. Çünki ikinci turdur, "Nant” ötən dəfə qələbə qazanmış, biz isə məğlub olmuşduq. Psixoloji baxımdan bizim üçün çətin, onlar isə rahat idi. Amma "Qarabağ”ın göstərdiyi oyun, tam olaraq onları üstələməyimiz, üç qol vurmağımız doğrudan da dəhşətdir. Hətta bizim daha çox qol vəziyyələrimiz oldu. "Qarabağ” buna oxşar oyunu "Ferentsvaroş”a qarşı da göstərmişdi. Çox xoşuma gəldi. Oyunu yüksək səviyyədə keçirdilər. İlk "11-lik”dən əlavə, ehtiyatdan qoşulanlar, güc qatdılar. Buna alqış düşür. Özü də ki, indiki vaxtda… Cəbhədə nələr baş verdiyini bilirik. İdmanı siyasətə qatmaq istəmirəm. Amma "Nant” üzərində qələbə bu baxımdan da bizə vacib idi. Cənab prezident şəxsi tvitter səhifəsində də "darmadağın” sözünü qeyd etmişdi. Bu, böyük bir işdir. Futbol aləmində çalışan hər bir şəxs "Qarabağ”ın oyunu ilə fəxr edir”. 

Mütəxəssis daxili motivasiyanın idmanda əla bir şey olduğunu, bunu "Qarabağ”da gördüyünü də deyir:

"Qurban müəllimin mətbuat konfransını dinlədim. Dedi ki, motivasiya üçün qeyri-adi heç nə etməyib. Həmişə olduğu kimidir. Deməli, futbolçuların özləri, hətta legionerlər də "Qarabağ”ın ab-havasını alıblar. Mənə elə gəlir ki, onlarda daxili motivasiya yaranıb. Bəzi legionerlər bundan əvvəl öz müsahibələrində "Qarabağ”ın durumu haqqında danışmışdılar. Daxili motivasiya idmanda əla şeydir. Bir neçə gün əvvəl, xatırlayırsınızsa, güləş üzrə Dünya çempionatında azərbaycanlı güləşçi ermənini çiyninə qaldırıb, sonra yerə çırpdı. Güləşin bütün sirlərini bilməsəm də, hərdən baxıram. Elə bir fəndə çox nadir hallarda rast gəlinir. Bu, məncə daxildə yaranan gücdür, hansı ki, "Qarabağ”da da onu müşahidə etdik”.

Həsənov düşünür ki, "Olimpiakos”la oyunlarda hər şey həll oluna bilər:

"Əvvəl, "Qarabağ”ın qrupdan çıxma şanslarını faiz nisbətilə 50-nin 50-yə dəyərləndirirdim. Ancaq komandanın Frayburqda və "Nant”a qarşı göstərdiyi oyundan sonra düşünrəm ki, qrupdan çıxmaq şanslarımız 70-80 faizə bərabərdir. Frayburqda da məğlub olmalı deyildik. Amma məlum səbəblərdən məğlubiyyətə uğradıq. Möhtəşəm oynadılar. Kimdən soruşsanız, "Qarabağ”a tərif yağdıracaq. "Frayburq”u Bakıda məğlub etmək asan olmayacaq. Çünki almandırlar. Dünən "Olimpiakos”un qapısından üç qol keçirdilər. Əks-hücumda daha yaxşı oynayırlar. Fikrimcə, yenə motivasiya bizdə olacaq. "Qarabağ” qrupdan çıxmaq məsələsini heç "Frayburq”la oyuna saxlamaya da bilər. "Olimpiakos”la iki vacib oyunumuz var. Məncə, həmin oyunlarda məsələ həll olunacaq”.

Məşqçi "Olimpiakos”un transfer etdiyi məşhur braziliyalı müdafiəçi Marselonun elə də qorxulu olmadığını düşünür:

"Asan heç nə yoxdur. Marselo olmur, kim olur olsun. Belə dünya səviyyəli oyunçular artıq öz yaxşı vaxtlarını keçirib Yunanıstana, Türkiyəyə gəlir. Təbii ki, hamısına aid deyil. Amma yaşı keçmiş legionerlər gəlib komandaya uyğunlaşana qədər zaman lazım olacaq. Bilirik ki, ulduz futbolçuların aşağı liqalarda meydana çıxarkən göstərdiyi oyun, özünü motivasiya etməsi o qədər də yüksək deyil. Məncə marselolardan, ya hansısa adlardan çəkinmək lazım deyil. Hələ görək Marselo bizim Kadiyə, Zubirə qarşı necə oynayacaq. Adlardan ehtiyat etmirəm. "Qarabağ”ın oturuşmuş sistemi var, komanda şəklində oynayır. Hansı ki, bu, yunanlarda yoxdur”.

Millimizin sabiq çalışdırıcısı "Qarabağ”ın oyununda onu narahat edən məqamlardan da danışır:

"Oyunun əvvəlində bir neçə təhlükəli epizodla qarşılaşdılar. Xatırlada bilərəm, istər "Lex”, istər "Sürix”lə oyundakı kimi olsun, standart vəziyyətlər həmişə bizə qorxulu, zəif tərəf kimi görünüb. Bundan ehtiyatlanmışıq. Amma maşallah olsun, son vaxtlarda qapımıza tərəf bu cür ciddi vəziyyətlər yaranmadı. Baxmayaraq ki, boy baxımından avropalılardan seçilirik. Ciddi qüsurlarımız olmayıb. Məncə, əks-hücumlardan ehtiyatlanmalıyıq. Çünki "Qarabağ” rəqibi öz qapısına tərəf sıxmağı xoşlayır. Yəqin ki, istər "Frayburq”, "Nant” və ya "Olimpiakos” olsun, sürətli hücumçuları var. Buna qarşı da "Qarabağ” təcrübəlidir, necə oynamağı bilir. Qələbə gözləyirik, "Qarabağ”ın rəhbərliyindən tutmuş, məşqçilər korpusuna, futbolçulara qədər hər kəsə təşəkkür edirəm ki, belə bir vaxtda Azərbaycan xalqına sevinc gətirdilər, təsəlli verdilər. Belə anda Fransa komandasına qalib gəlmək böyük işdir. Sağ olsunlar”.

Səbuhi Həsənov