Avropa Komissiyası çərşənbə günü Moldovaya ayın sonuna qədər ödəniləcək 72,5 milyon avro məbləğində daha bir maliyyə yardımının ayrıldığını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Komissiyasının verdiyi məlumatda
deyilir.
Aİ çərşənbə günü Moldovaya ilk tranşı - 50 milyon avro kredit verib, qalan 22,5 milyon isə qrant şəklində oktyabrın sonuna kimi köçürüləcək.
Avropa Komissiyası qeyd edir ki, vəsait Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının nəticələrindən xeyli zərər çəkən və hələ də enerji təhlükəsizliyi problemlərinin öhdəsindən gələ bilməyən Moldova iqtisadiyyatını dəstəkləmək üçün nəzərdə tutulub.
"Yardım ölkəyə 2023-cü ildə əlavə maliyyə ehtiyaclarının bir hissəsini ödəməyə, makroiqtisadi sabitliyi təmin etməyə və Beynəlxalq Valyuta Fondunun Moldova üçün davam edən proqramı ilə birlikdə gələcək islahatları planlaşdırmağa kömək edəcək. Bu, həmçinin Moldovanın Avropa yolunda irəliləyişinə kömək edəcək", - bəyanatda deyilir.
2023-cü il üçün Aİ-dən Moldovaya makromaliyyə yardımı proqramının ümumi həcmi 295 milyon avro təşkil edir ki, bunun da 220 milyon avrosu kreditlər, 75 milyon avrosu isə qrantlardır. Yardımın ilkin məbləği 150 milyon avro olsa da, iyun ayında bu məbləğ iki dəfə artırılıb.
Oktyabrın sonuna kimi Moldova proqram çərçivəsində ümumilikdə 172,5 milyon avro alacaq. Avropa Komissiyası bildirir ki, əlavə ödənişlər "razılaşdırılmış siyasi şərtlər yerinə yetirildikdə” həyata keçiriləcək.
Bundan əlavə, 2023-cü ilin sonuna kimi Moldova Avropa İttifaqından vəd edilən 250 milyon avro maliyyə yardımından 105 milyon avro alacaq, vəsait enerji böhranının aradan qaldırılmasına yönəldiləcək.
Nizami Bağırov